Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) istiqrazlarının təkrar bazarda alqı-satqısı üzrə əqd bağlanılıb.
BFB-dən “Report”a verilən məlumata görə, nominal dəyəri 1 000 manat olan 10 min istiqraz 0,11% baha - 1 001,084 manatdan realizə edilib.
Qeyd edək ki, AİF-in 10 mln. manatlıq istiqrazlarının ilkin bazarda yerləşdirilməsi yanvarın 27-də baş tutub. Tədavül müddəti 3 600 gün, illik gəlirliliyi ilə 3% olan qiymətli kağızlar “PAŞA Kapital” investisiya şirkətiniun anderrayterliyi ilə cəmi 1 investora satılıb. Onun adı açıqlanmayıb.
Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.