Azərbaycan fevralda 2 ton qızıl satıb - YENİLƏNİB

Azərbaycan fevralda 2 ton qızıl satıb - YENİLƏNİB Qızılın ümumi valyuta ehtiyatlarındakı payı 0,7 faiz bəndi azalıb
Maliyyə
10 Mart , 2017 17:17
Azərbaycan fevralda 2 ton qızıl satıb - YENİLƏNİB
Courtesy İmage

İlk xəbər saat 16:18-də verilib

Bakı. 10 mart. REPORT.AZ/ Bu il martın 1-nə Azərbaycanın qızıl ehtiyatları 20 ton təşkil edib. 

“Report” Ümumdünya Qızıl Şurasına (WGC) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə ehtiyatların 9,09% azalması deməkdir.

Qızılın ümumi valyuta ehtiyatlarındakı payı isə 0,7 faiz bəndi azalıb. Hazırda Azərbaycanın qızıl ehtiyatları onun ümumi beynəlxalq ehtiyatlarının 11,8%-ni təşkil edir və bu göstəriciyə görə ölkə dünya miqyasında 62-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, bir qədər əvvəl Beynəlxalq Valyuta Fondu (IMF) bəyan edib ki, Azərbaycan ötən ilin oktyabrında 4,2 ton qızıl satıb. Bu, ölkənin ümumi valyuta ehtiyatlarının 14,39%-i qədər olub.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabatına əsasən, sentyabrda Azərbaycanın qızıl ehtiyatlarının həcmi 30,17 ton olub. IMF isə bu rəqəmin 29,182 ton olduğunu bəyan edib.

Qızıl ehtiyatlarının həcminə görə, dünyada ilk üçlükdə ABŞ, Almaniya və IMF qərarlaşıb. ABŞ-ın 8 133,5 ton, Almaniyanın isə 3 377,9 ton qızıl ehtiyatı var. Ötən aya nisbətən bu ölkələrin qızıl ehtiyatlarının həcmində dəyişiklik olmasa da, onların ümumi ehtiyatlarına nisbətən artım var. Belə ki, bu ölkələrin qızıl ehtiyatı müvafiq olaraq onların ümumi ehtiyatlarının 74,6% və 68,8%-ni təşkil edib. Sonuncu yerdə isə Monqolustan qərarlaşıb ki, onun da cəmi 1,5 ton qızıl ehtiyatı (ümumi ehtiyatın 5,1%-i) var.

***

ARDNF Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb. Qurumdan “Report”a ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyi bildirilib: “Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur. Bu və ya digər sahədə hər hansı bir məlumat olduqda ictimaiyyətə Fond tərəfindən açıqlama verilir”.

Son xəbərlər

Orphus sistemi