​Azərbaycan Dövlət Neft Fondunun aktivləri 37,1 mlrd. dolları keçib

​Azərbaycan Dövlət Neft Fondunun aktivləri 37,1 mlrd. dolları keçib Ötən il Fond valyuta məzənnələrinin dəyişməsindən 2 mlrd. dollar itirib
Maliyyə
9 Fevral , 2015 12:55
​Azərbaycan Dövlət Neft Fondunun aktivləri 37,1 mlrd. dolları keçib

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2014-cü ildə büdcə gəlirləri 12 731,0 mln. manat, xərcləri isə 10 117,2 mln. manat təşkil edib.

Fonddan "Report"a verilən məlumata görə, hesabat ilində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 343,8 mln. manat, o cümlədən mənfəət nefti və qazın satışından 12 319,8 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat, tranzit gəlirləri 8,9 mln. manat, bonus ödənişləri 13,3 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 mln. manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 387,2 mln. manata bərabər olub.

Hesabat dövrü ərzində Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 9 337,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300,0 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 80,2 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə Fonddan 57,1 mln. manat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 33,5 mln. manat, "Star" neft emalı kompleksinin tikintisinə 223,5 mln. manat, Cənub Qaz Dəhlizi layihəsi üzrə isə 40 mln. manat ayrılıb.

Ötən il ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 45,9 mln. manat təşkil edib.

Bununla yanaşı, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar xərci 1 611,9 mln. manat olub.

Nəticədə, 2014-cü il ərzində ARDNF-nin aktivləri 3,42% artaraq 2015-ci il yanvarın 1-nə 37,104 mlrd. ABŞ dollarını üstələyib.

Son xəbərlər

Orphus sistemi