Bakı. 10 yanvar. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
“Report” xəbər verir ki, yığıncaqda Bankın İdarə Heyətinə (İH) sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Nurəddin oğlu Əhədov ABB-nin İH-nin sədri seçilib.
X.Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edirdi. Bank sektorunda 1999-cu ildən çalışan X.Əhədov indiyə qədər “Bank of Baku” ASC-nin İH sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub.
Qeyd edək ki, bu gün həm də ABB-nin fəaliyyətə başlamasının 25-ci ildönümü tamam olur. 1992-ci il yanvarın 10-da yaradılan bank 25 ildir müştərilərə xidmət göstərir və hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanına uyğun olaraq ABB-nin sağlamlaşdırılması tədbirləri davam etdirilir.