Azərbaycan Beynəlxalq Bankı korporativ üslubunu dəyişir

Azərbaycan Beynəlxalq Bankı korporativ üslubunu dəyişir Bankı şəbəkə naxışlarının yaratdığı səkkiz guşəli ulduz simvolizə edəcək
Maliyyə
14 Mart , 2016 12:46
Azərbaycan Beynəlxalq Bankı korporativ üslubunu dəyişir

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni inkişaf strategiyası çərçivəsində korporativ üslubunu dəyişir. İlk dəyişiklik loqotiplə bağlıdır - Bankı şəbəkə naxışlarının yaratdığı səkkiz guşəli ulduz simvolizə edəcək.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, loqotipdə milli ornamentlərdən istifadə mədəniyyətimizə verilən yüksək dəyər olmaqla yanaşı, Bankın əsas fəaliyyət qayəsinin vizual ifadəsinə də kömək göstərir. Şəbəkəvarı ulduz təsviri öz dinamikliyi ilə əbədi hərəkəti, vəhdəti vurğulayır. Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının daimi inkişafa can atmasını rəmzləşdirir.

Bankın korporativ rənginin əvvəlkindən bir qədər fərqli çalarda – açıq göy rəngdə müəyyənləşdirilməsinin də simvolik mənası var. Bu rəng qarşılıqlı inamı, ciddiliyi, bankın dayanıqlığını ifadə edir. Göy rəngin açıq çaları həm də parlaqlıq, aydınlıq ovqatı yaradır. Göy rənglə harmoniya təşkil edən ağ rəng isə məmnuniyyətə, açıqlığa işarədir.

Bankın korporativ üslubunda baş verən daha bir yenilik də sloqan seçimidir: “Uğuruna imza at!” Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlığı müştərilər üçün əsas uğur amilinə çevirməyə çalışan Bank bundan sonra onlara belə bir sloqanla üz tutacaq.

"ABB 35 filial və 43 şöbəyə malikdir. Bu gün Bank yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin başlıca hədəfləri ölkənin sosial-iqtisadi həyatında yaxından iştirak edərək Azərbaycanın inkişafına davamlı töhfələr vermək, Bankın bazar mövqelərini qorumaq, əsas dəyər kimi müştəri inamına sadiqlikdir", - deyə Bankın məlumatında qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi