Bakı. 8 fevral. REPORT.AZ/ "Report"un analitik qrupu dünən, fevralın 7-də Azərbaycan Beynəlxalq Bankının (ABB) kredit reytinqini aşağı salan və "Unibank"la əməkdaşlığı bitən "Moody's" beynəlxalq reytinq agentliyinin səhmdarlarını araşdırıb.
"Əslində, "Moody's" müstəqil təşkilat deyil. Araşdırma nəticəsində Agentliyin ən böyük səhmdarının dünyanın ən varlı insanlarından biri olan Uorren Baffetin "Berkshire Hathaway" fondu olduğu müəyyənləşib. Fondun Agentliyin səhmdar kapitalında payı 12,7%-dir", - deyə analitiklər bildiriblər.
"Moody's"in ikinci əsas ortağı isə 3,6 trln. dollar vəsaiti idarə edən, mərkəzi ABŞ-ın Pensilvaniya ştatında yerləşən "Vanguard Group" investisiya şirkətidir. "Bank of America"nın investisiya şirkəti olan "Merril Lynch"in törəmə şirkəti olan və 5 trln. dollar vəsaiti idarə edən "Black Rock"un agentlikdə payı isə 2,43%-dir. ABŞ-ın "Principal Financial Group" investisiya şirkətinin də Agentlikdə payı 2,43% təşkil edir. Bununla yanaşı, "Massachusets Financial Services"in payı 2,37%, "Fiera Kapital"ın (Kanada) payı 2,1%, "Akre Capital Management"in (ABŞ) payı 2,08%, "Capital İnternational İnvestors"un (ABŞ) payı isə 1,66% təşkil edir.
Analitik qrup bildirir ki, "Moody's" beynəlxalq reytinq agentliyinin mövcud investisiya şirkətləri üstünlük təşkil edən səhmdarları diqqətə alınaraq obyektiv qərar verməsi şübhə doğurur: "Çünki, bu investisiya şirkətlərinin reytinq qiymətləndirilməsi aparılan ölkələrdə portfel investisiyalarının olması ehtimalı çox yüksəkdir. Bu da qiymətləndirmənin obyektivliyinə şübhə yaradır".