Azər Bayramov: "Ötən il icmal büdcənin kəsiri proqnozdan 41 % az olub"

Azər Bayramov: "Ötən il icmal büdcənin kəsiri proqnozdan 41 % az olub" "2020-ci ildə icmal büdcənin gəlirləri 24 463 milyon manat, xərcləri isə 29 160 milyon manat icra olunub"
Maliyyə
5 Fevral , 2021 19:45
Azər Bayramov: Ötən il icmal büdcənin kəsiri proqnozdan 41 % az olub
Azər Bayramov

"Qeyri-əlverişli mühitə və çətinliklərə rəğmən, 2020-ci ilin dövlət və icmal büdcələrinin icrası müsbət dinamika ilə səciyyələnib".

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir müavini Azər Bayramov qurumda keçirilmiş 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda geniş kollegiya iclasında deyib.

"Belə ki, operativ məlumatlara əsasən, 2020-ci ildə icmal büdcənin gəlirləri 24 463 milyon manat, xərcləri isə 29 160 milyon manat icra olunub. İcmal büdcədə yaranmış 4 698 milyon manat kəsir proqnozlaşdırılmış 7 945 milyon manat kəsirə nisbətən 3 248 milyon manat və yaxud 40,9 % az olub.

2020-ci ildə dövlət büdcənin gəlirləri 24 679 milyon manat və yaxud 102,3 %, xərcləri isə 26 416 milyon manat və yaxud 96,1 % icra olunub. Dövlət büdcəsinin kəsiri 1 737 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan 3 368 milyon manat kəsirdən 1 631 milyon manat və yaxud 48,4 % azdır", - o qeyd edib.

A.Bayramovun sözlərinə görə, büdcə kəsirinin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması, ilk növbədə, fiskal orqanların büdcə daxilolmalarını artıqlaması ilə təmin edilməsi və büdcə xərclərini qənaətlə icra etməsi hesabına yaranıb: "Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə 7 387 milyon manat vəsait təmin edib ki, bu da proqnozdan 197 milyon manat çoxdur. Dövlət Gömrük Komitəsi (DGK) isə büdcəyə 3 830 milyon manat proqnoza qarşı 3 938 milyon manat vəsait təmin edib. Bu isə proqnoza qarşı 108 milyon manat çoxdur. Dövlət Neft Fondunun transferti üzrə daxilolmalar 100 % və yaxud 12 200 milyon manatolub.

Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə dövlət büdcəsinə 596 milyon manat, sair daxilolmalar üzrə 558 milyon manat vəsait daxil olub".

Nazir müavini onu da bildirib ki, dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin təmin edilməsi məqsədilə ötən il 1 yanvar tarixindən beynəlxalq təcrübəyə uyğun yeni vahid büdcə təsnifatının tətbiqinə başlanılıb. Bundan başqa, ötən il ərzində “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nin Naxçıvan MR istisna olmaqla bütün ölkə ərazisində tətbiq edilməsi başa çatdırılıb, xəzinə əməliyyatlarının bu sistem vasitəsilə aparılmasını təmin etmək məqsədilə respublikanın şəhər və rayonlarında regional xəzinədarlıq idarələri yaradılıb, şəhər və rayonlar üzrə maliyyə orqanlarında xəzinə əməliyyatları və xəzinə əməliyyatlarının uçotu ilə bağlı struktur bölmələrinin funksiyaları yeni yaradılan regional xəzinədarlıq idarələrinə verilib.

“Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nin tətbiqi nəticəsində kredit sərəncamçılarının pul vəsaitlərinin son təyinatına çatdırılması sürətləndirilib, büdcə daxilolmalarının ayrı-ayrı büdcə səviyyələri və tədiyyə növləri üzrə uçota alınması tamamilə avtomatlaşdırılıb, xəzinədarlıqda və büdcə təşkilatlarında elektron sənəd dövriyyəsinin daha geniş şəkildə tətbiqinə imkanlar yaradılıb. Sistemin tətbiqi prosesində dövlət büdcəsinin icrası mexanizminə edilən dəyişikliklərin biri də bütün növ bank əməliyyatlarının real vaxt rejimində Dövlət Xəzinədarlığının Azərbaycan Mərkəzi Bankında (AMB) olan vahid xəzinə hesabı vasitəsilə həyata keçirilməsindən, büdcə və büdcədənkənar daxilolmaların mərkəzi xəzinədarlığa birbaşa mədaxil edilməsindən və avtomatik uçota alınmasından ibarət olub.

Maliyyə Nazirliyi tərəfindən elektron sənəd dövriyyəsinin tətbiqinin genişləndirilməsi baxımından ötən il ərzində bir sıra mühüm addımlar atılıb, dövlət büdcəsinin icrasına dair hesabatların elektron sənəd formasında qəbul və emal edilməsinə qərar verilib və 2020-ci ilin 1 aprel tarixindən elektron imza ilə təsdiq edilmiş aylıq, rüblük və ilin əvvəlindən artan yekunla hesabatların elektron sənəd formasında qəbul edilməsinə başlanılıb.

Həmçinin “Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi” prioriteti çərçivəsində ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24 saat / 7 gün / 365 gün rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədilə AMB-nin həyata keçirdiyi “Ani Ödəniş Sistemi”nin infrastrukturuna inteqrasiya olunub.

Eyni zamanda büdcə daxilolmalarının daha operativ emal edilməsi məqsədilə Agentliklə DGK arasında məlumat mübadiləsini sürətləndirməyə imkan verən əlavə elektron servis istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi