Bakı. 17 sentyabr. REPORT.AZ/. Azərbaycanın xarici dövlət borcu 2014-cü il iyulun 1-nə 4 987,9 mln. manat təşkil edib. Xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 8,5%-ə bərabər olub. “Report”un xəbər verdiyi kimi, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Borc vəsaitlərinin 7,7%-i 10 ilə qədər, 62,0%-i 10 ildən 20 ilə qədər, 30.3%-i isə 20 ildən artıq müddətə cəlb olunub.
İyulun 1-nə xarici borc üzrə alınan kreditlərin 10,8%-i XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 60,6%-i ABŞ dolları, 24,3%-i avro, 2,3%-i yapon yeni, 0,8%-i İslam dinarı, 0,5%-i Səudiyyə rialı, 0,5%-i BƏƏ dirhəmi və 0,2%-i Küveyt dinarındadır.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər Azərbaycanda iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması,dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və sair sahələrə sərf edilib.
Həmçinin, bu ilin mart ayında ölkə tarixində ilk dəfə olaraq beynəlxalq valyuta bazarlarında yerləşdirilmiş xarici valyuta nominallı dövlət qiymətli kağızları vasitəsilə 1 250 mln. dollar həcmində vəsait cəlb edilib.
Qeyd edək ki, bu ilin əvvəlində xarici dövlət borcu həcmi 4 753,2 mln. dollar təşkil edib ki, bu da ÜDM-ə nisbətən isə 8,2%-dir.