EBRD Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub

EBRD Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub Kamola Mahmudova Bankın ölkədəki investisiya və əməliyyatlarına nəzarət edəcəkdir
Maliyyə
11 Oktyabr , 2021 17:14
EBRD Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub

Kamola Mahmudova Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan paytaxtı Bakı şəhərində yerləşən ölkə nümayəndəliyinin rəhbəri təyin edilib.

"Report" xəbər verir ki, bu barədə EBRD məlumat yayıb.

Bildirlir ki, bu vəzifə ilə İvana Duarteni əvəzləyən K.Mahmudova Bankın ölkədəki investisiya və əməliyyatlarına nəzarət edən cavabdeh şəxs olacaqdır.

"Mən EBRD-nin portfelində "yaşıl" keçid flaqmanı olmaq üçün tam potensiala malik Azərbaycan kimi ölkədə Bankın əməliyyatlarına rəhbərlik etməkdən məmnunluq duyuram. "Yaşıl" keçid hər bir ölkə üçün böyük çağırışdır və biz bu səylərin həyata keçirilməsi istiqamətində Azərbaycana kömək edə bilərik. Məqsədimiz özəl sektora prioritet verilməklə, uzunmüddətli və səmərəli maliyyənin təmin edilməsindən ibarətdir," – deyə xanım Mahmudova bildirdi.

Özbəkistan və Böyük Britaniya vətəndaşı olan K.Mahmudova bundan əvvəl EBRD-nin "Ticarətin Asanlaşdırılması Proqramı"nda (TAP) rəhbər vəzifələrdə çalışıb. Xanım Mahmudova 2009-cu ildən Bankın Yaxın Şərq, Şimali Afrika və Kipr regionlarında genişlənməsinə rəhbərlik edərək qlobal missiyanı yerinə yetirib. O, ticarətin maliyyələşdirilməsinin inkişafı, uyğunluq və müxbir bankçılığın rəqəmsallaşdırılması istiqamətində Beynəlxalq Ticarət Palatası, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Valyuta Fondu ilə siyasətlərin müəyyən olunması üzrə dialoqlarda aparıcı rol oynayıb.

K.Mahmudova karyerasına "ABN AMRO Bank"da başlamış, daha sonra "Sumitomo Mitsui Bank Korporasiyası"na keçərək korporativ bankçılıq sahəsində çalışıb. Onun dövlət və özəl sektorda geniş bankçılıq və infrastruktur təcrübəsi ilə yanaşı, kompleks strategiya və əsas donorların idarə edilməsi istiqamətində dərin bilikləri də mövcuddur. TAP-ın rəqəmsallaşdırılması ilə bağlı fəaliyyəti sayəsində EBRD çox uğurlu, beynəlxalq səviyyədə akkreditasiya olunmuş "Ticarətin Maliyyələşdirilməsi Elektron Təhsil Proqramı"nın işlənib hazırlanması mümkün olub. 9 000-dən çox tələbəyə malik olan bu proqram ticarətin maliyyələşdirilməsi sahəsində dünyada ən böyük təlim proqramıdır.

EBRD Azərbaycanda mühüm institusional investor olmaqla, bu günədək ölkədə 177 layihənin icrasına dəyəri 3,2 mlrd avrodan çox investisiya yatırıb. Bankın əsas fəaliyyət istiqaməti ölkənin qeyri-neft sektoru, yerli bankların gücləndirilməsi və "yaşıl" iqtisadiyyatda investisiyaların təşviq edilməsidir.

Son xəbərlər

Orphus sistemi