​Avropa Yenidənqurma və İnkişaf Bankı “Muğanbank”a yeni kredit ayırıb

​Avropa Yenidənqurma və İnkişaf Bankı “Muğanbank”a yeni kredit ayırıb Kredit Azərbaycanda enerji səmərəliliyi və bərpa olunan enerji layihələri üçün istifadə olunacaq
Maliyyə
3 Oktyabr , 2014 14:49
​Avropa Yenidənqurma və İnkişaf Bankı “Muğanbank”a yeni kredit ayırıb
Bakı. 3 oktyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda enerji səmərəliliyinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə “Muğanbank” ASC-yə 3 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu barədə “Report”a “Muğanbank”ın mərkəzi ofisindən məlumat verilib.

Kredit vəsaiti müəyyən olunmuş tələblərə cavab verən korporativ müştərilərin, eləcə də fiziki şəxslərin kreditləşməsi məqsədilə verilir və yalnız enerji səmərəliliyi və bərpa olunan enerji layihələri üçün istifadə olunacaq.

EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Neyl MakKeynin sözlərinə görə, sözügedən kredit vəsaiti “Muğanbank”a yerli sahibkarlara və fiziki şəxslərə enerji qənaətli avadanlıq, cihaz və materiallar, o cümlədən müasir istehsal avadanlıqları, ikişüşəli pəncərələr, isitmə texnologiyaları, təbii qazla işləyən su qızdırıcıları, günəş su qızdırıcıları, damda quraşdırılan günəş batareyaları və s. alıb quraşdırmaqda kömək etməyə imkan yaradaraq, nəticə etibarilə müştərilərə enerjidən istifadə üzrə hesablarını azaltmağa, biznes və evlərini xərclər baxımından daha səmərəli idarə etməyə kömək edəcək.

“EBRD “Muğanbank”la 2006-cı ildən əməkdaşlıq edir və iqtisadiyyatın real sektorunu maliyyələşdirməkdə ona dəstək göstərir. Hazırkı kredit həm “Muğanbank”, həm də ümumilikdə bazar üçün yeni bir məhsul olmaqla uzunmüddətli əlaqələrimizdə də yeni mərhələ açacaq. Bizə müxtəlif növ sektor və müştərilərlə işləmək imkanı yaradacaq hazırkı kredit məhsulu vasitəsilə "Muğanbank"a əlavə dəstək verməkdən məmnunuq”, - deyə Avropa bankının təmsilçisi bildirib.

Hazırkı kredit EBRD-nin sənaye, eləcə də məişət sahəsində enerji səmərəliliyinin artırılmasını və bərpa olunan enerji layihələrini dəstəkləmək məqsədilə yerli maliyyə institutlarına kreditlər ayırdığı Qafqazda Enerjiyə Qənaət Proqramının bir hissəsidir. “Muğanbank” EBRD-nin Azərbaycanda həmin proqram çərçivəsində enereji səmərəliliyi üzrə layihələrin maliyyələşməsini təmin edən üçüncü tərəfdaş maliyyə təşkilatı olacaq.

Kredit Avropa İttifaqının Qonşuluq üçün İnvestisiya Mexanizmi, EBRD-nin Səhmdarların Xüsusi Fondu və Avstriya Federal Maliyyə Nazirliyi tərəfindən ayrılan qrantlarla dəstəklənəcək. Həmin qrantlar texniki yardım və əhalinin enerji səmərəliliyinə investisiyalarını stimullaşdırma tədbirləri üçün istifadə olunacaq.

Maliyyə institutlarına, şirkətlərə və əhaliyə enerji səmərəliliyinə investisiyalarla bağlı texniki məsləhətlər vermək məqsədilə AYİB tərəfindən konsultantlar cəlb olunub. Bu texniki dəstək sahibkarlara və əhaliyə qeyri-standart avadanlıq və materiallardan istifadə müddətləri boyunca gözəl nəticələr verəcək enerji baxımından daha qənaətli və daha yaxşı işləyən avadanlıqlara keçmələrinə imkan verəcək.

Qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən “Muğanbank” məcmu aktivlərinə görə Azərbaycan bankları arasında 16-cı yeri tutur.

EBRD-nin indiyədək Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 146 layihənın icrasına 2,5 mlrd. dollar investisiya yatırıb.

Son xəbərlər

Orphus sistemi