Auditorlar Palatasının sədri: ​"Subyektlərin 98%-i auditdən yayınıb"

Auditorlar Palatasının sədri: ​"Subyektlərin 98%-i auditdən yayınıb" Ölkədə auditdən keçməli olan subyektlərin 97,8%-i auditdən yayınıb
Maliyyə
28 İyun , 2016 12:10
Auditorlar Palatasının sədri: ​Subyektlərin 98%-i auditdən yayınıb

Bakı.28 iyun.REPORT.AZ/ Azərbaycanda məcburi auditdən keçmə səviyyəsi aşağıdır. 2015-ci ildə Azərbaycanda 67 500 məcburi audit subyekti olub ki, bunun yalnız 1 458-i auditdən keçib. Belə ki, auditdən keçməli olan subyektlərin 97,8%-i auditdən yayınıb. Burda işləməyən müəssisələri də nəzərə alsaq, deyə bilərik ki, 30 min məcburi audit subyekti var ki, məcburi auditdən keçmir.

"Report"un verdiyi xəbərə görə, bunu Auditorlar Palatasının sədri Vahid Novruzov "Korrupsiya ilə mübarizədə və şəffaflığın artırılmasında auditorların qarşısında duran vəzifələr" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

O qeyd edib ki, vergi idarələrində göstəricilər bütün region üzrə eynidir. Məcburi auditdən keçmə faizi aşağıdır.

"Auditdən keçmə aşağı olduğu şəraitdə də korrupsiyaya qarşı mübarizədə fəaliyyətlə öyünə bilmərik. 2015-ci ildə prezidentin məktubunda da məcburi auditdən yayınmanın qarşısının alınması üçün haqlı tapşırıqlar verilib.

Hələ 2011-ci ildə auditdən yayınmaya görə, müəyyən sanksiyaların nəzərdə tutulması işi olsa da, hələlik mövcud struktur kəsərli tədbirlər görməyə imkan vermir. Ümid edirik ki, bu il məcburi auditdən yayınmanın qarşısının alınması üçün müvafiq normativ sənədlər qəbul ediləcək".

O bildirib ki, son 30 ildə nəinki regionada dünyada auditorlafa etimadın azaldılması müşahidə olunub. "Bu da onunla əlaqədardır ki, auditorlar qarşıya qoyulan vəzifənin həllinə nail olmayıb. Son illərin araşdırması göstərir ki, auditorlar özləri maliyyə fırıldaqlarının ört-basdır edilməsi halları mövcuddur. Azərbaycanda da son dövrlər maliyyə pozuntuları aşkarlanan bəzi təsərrüfat subyektlərinə auditorların müsbət rəyi də verildiyi müəyyən olunub. Bu isə auditə şərəf gətirə bilməz. Azərbaycan nadir ölkələrdəndir ki, ölkədə auditin inkişafına prezident dəstək göstərir".

O prezidentin son məktubunda audit işinin kökündən yaxşılaşdırılması qeydini xüsusi vurğulayıb.

"Auditorlar korrupsiyaya qarşı mübarizədə ön planda olmalıdırlar. Dünya təcrübəsi də bunu göstərir. Hər il açıqlanan şəffaflıq indeksinə əsasən korrupsiyanın ən az olduğu ölkələrin ilk onluğu göstərir ki, həmin ölkələrdə bütün müəssisələrin auditdən keçməsi məcburidir", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi