Bakı. 23 sentyabr. REPORT.AZ/ “Atəşgah Sığorta" şirkəti səhmdarlarının növbədənkənar yığıncağı keçirilib. "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, yığıncaqda ilk növbədə “Atəşgah Sığorta" ASC-nin 2014-cü il üzrə illik maliyyə hesabatları təsdiq edilib.
Daha sonra Ruslan Allahverdi oğlu Əliyev və Vaqif Vəli oğlu Əliyev növbəti müddətə şirkətin Direktorlar Şurasının üzvü vəzifəsinə təyin ediliblər. Vladimir Nikolayeviç Solovyov isə Direktorlar Şurasına müstəqil üzv təyin olunub. Direktorlar Şurasının sədri vəzifəsini isə Ruslan Allahverdi oğlu Əliyev tutub.
Bununla yanaşı, Elşad Eldar oğlu İskəndərov və Natiq Sahabin oğlu Əmircanovun “Atəşgah Sığorta"nın Təftiş Komissiyasına üzv təyin edilməsi haqqında qərar qəbul edilib. Elşad Eldar oğlu İskəndərov Komissiyanın sədri təyin edilib.
Bundan əlavə, Azər Əmiraslan oğlu Əliyev və Fuad Faiq oğlu İsmayılov “Atəşgah Sığorta"nın İdarə Heyətinə üzv təyin ediliblər.
Xatırladaq ki, "Atəşgah Sığorta" şirkəti 1996-cı ilin sonunda təsis edilib və "Atəşgah Həyat" ASC ilə birlikdə "Atəşgah" Sığorta Qrupuna daxildir. Şirkət müştərilərə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.