Bakı. 12 yanvar. REPORT.AZ/ "AtaBank" ASC yeni səhm emissiyasının Bakı Fond Birjası vasitəsi ilə yerləşdirilməsini uğurla başa çatdırıb.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, adlı sənədsiz olan bu səhmlərin hər birinin nominal dəyəri 20 manat, emissiyanın ümumi həcmi isə 50 mln. manat olub.
Bankın dövriyyədə olan səhmlərinin ümumi sayı əvvəlki kimi 2,5 mln. ədəd qaldığını nəzərə alsaq, emissiyanın mövcud səhmlərin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçirildiyini görərik. Yəni, səhmlərin nominalı 10 manatdan 20 manata kimi, nizamnamə kapitalı isə 25 mln. manatdan 50 mln. manata qədər artırılıb. Bununla da, "AtaBank" Mərkəzi Bankın minimal kapitalla bağlı tələbini tam yerinə yetirib.
Qeyd edək ki, emissiyanın yerləşdirilməsində anderrayter qismində “Brokdil-Az” MMC çıxış edib.
Bankın səhmdarları qismində "AtaHolding" ASC (76%) və yerli fiziki şəxslər (24%) çıxış edir.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC korporativ və fərdi müştərilərə bank xidmətlərinin tam spektrini təqdim edir.