​Asiya İnkişaf Bankı Azərbaycanda istiqraz buraxacaq

​Asiya İnkişaf Bankı Azərbaycanda istiqraz buraxacaq Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Maliyyə
7 May , 2015 11:47
​Asiya İnkişaf Bankı Azərbaycanda istiqraz buraxacaq

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Asiya İnkişaf Bankının (ADB) nümayəndə heyəti ilə görüş keçirilib.

"Report"un verdiyi xəbərə görə, QKDK-nın sədri Rüfət Aslanlı yerli və beynəlxalq ekspertlərin iştirakı ilə qiymətli kağızlar bazarı üzrə yeni qanun layihəsinin hazırlandığını bildirərək bazarda dövlət tənzimlənməsi və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edən yeni qanunun yaxın zamanda qəbul olunacağına əminliyini ifadə edib. R.Aslanlı rəhbərlik etdiyi komitənin beynəlxalq təcrübədən geniş şəkildə faydalandığını dilə gətirərək Azərbaycanın kapital bazarlarında ticarət və post-ticarət infrastrukturunun inkişaf etdirilməsi, eləcə də yerli bazarda informasiya sistemlərinin təchizatı və quraşdırılması sahəsində Koreya Birjası ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib.

ADB-nin nümayəndə heyətinin rəhbəri Pyer van Peteghemin Bankın Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına yeni töhfə vermək niyyətinin olduğunu diqqətə çatdırıb. P.Peteghem ADB-nin yerli bazarda istiqraz buraxmaq təşəbbüsü ilə bağlı QKDK və aidiyyəti qurumlarla əməkdaşlığa böyük önəm verdiyini xüsusi qeyd edib.

Daha sonra R.Aslanlı Asiya İnkişaf Bankının təşəbbüsünü yüksək qiymətləndirərək, Azərbaycanın kapital bazarında mövcud olan infrastrukturun, likvidlik və dayanıqlılığın bəhs olunan məsələlərin reallaşdırılmasına dəstək göstərəcəyinə əmin olduğunu bildirib.

Sonda ADB tərəfindən yerli bazarda buraxılması nəzərdə tutulan istiqrazların qeydiyyata alınma proseduraları, təqaüd fondları, sığorta şirkətləri və maliyyə institutları daxil olmaqla, yerli və xarici institusional investorların sözügedən istiqrazlara investisiya qoyuluşunda iştirakı məsələləri və gələcək tərəfdaşlıq strategiyasının prioritetlərinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi