Asiya İnfrastruktur İnvestisiya Bankı rəsmən təsis olundu - YENİLƏNİB

Asiya İnfrastruktur İnvestisiya Bankı rəsmən təsis olundu - YENİLƏNİB Azərbaycanın Bankda iştirak payı 0,25% və ya 245,1 mln. dollar səviyyəsində təsdiq edilib
Maliyyə
29 İyun , 2015 12:51
Asiya İnfrastruktur İnvestisiya Bankı rəsmən təsis olundu - YENİLƏNİB

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Pekində 57 ölkənin nümayəndələrinin iştirakı ilə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) yaradılmasına dair təsis müqaviləsi imzalanıb. Bankın nizamnamə kapitalı 100 mlrd. dollar həcmində təsdiqlənib. Çin (26,06%), Hindistan (7,5%) və Rusiya (5,92%) Bankın ən böyük səhmdarlarıdır.

"Report"un verdiyi xəbərə görə, Azərbaycanı bu toplantında maliyyə naziri Samir Şərifov təmsil edir. Azərbaycanın Bankda iştirak payı isə 0,25% (245,1 mln. dollar) səviyyəsində təsdiq edilib.

İmzalama mərasimində çıxış edən Çinin maliyyə naziri Lou Tszivey qeyd edib ki, AİİB öz fəaliyyətində yüksək standartlar və beynəlxalq fəaliyyət normalarını üstün tutacaq, effektivlik və şəffaflıq təmin olunacaq.


İlk xəbər saat 11:50-də verilib

Qərb maliyyə institutları AIIB-i Asiya İnkişaf Bankı (ADB) və Dünya Bankına (WB) ciddi rəqib görürlər. ABŞ bu bankın yaradılmasını bəyənməsə də, onun əsas tərəfdaşları olan İngiltərə, Almaniya, Avstraliya və Cənubi Koreya üçün bu ideya maraqlı olub. Bankın digər üzvləri Asiya, Yaxın Şərq və Cənubi Amerikada yerləşir.

ABŞ və Yaponiya həmin bankda təmsil olunmasa da, Çin onların qoşulması üçün "Açıq qapı" elan edib.

Adı açıqlanmayan AIIB rəsmilərindən biri ABŞ-ın Banka qoşulmamasını onun öz təqsiri olduğunu deyib. Yaponlar isə proqnozlarında Asiya ölkələrinin Bankda 75% paya sahib olacağını və üzv olan hər bir Asiya ölkəsi gələcəkdə kreditləşmədə ÜDM-in 75%-i qədər kvotaya sahib olacaq.

Xatırladaq ki, mayda açıqlanan proqnozlara görə, Çin Bankda 25-30% paya sahib olacaq. İkinci böyük səhmdarın isə 10-15% paya sahib olacağı deyilir.

Almaniyanın maliyyə naziri Volfqanq Şoyble isə Çin, Hindistan və Rusiyadan sonra 4-cü böyük pay sahibi ola biləcəklərini və burada 4,1%-lə təmsil olunmaq istədiklərini açıqlamışdır.

Avstraliya rəsmiləri açıqlamalarında 930 mln. Avstraliya dolları (təxminən 719,36 mln. ABŞ dolları) maliyyə ayıra biləcəklərini və təxminən 6-cı pay sahibi olacaqlarını deyiblər.

Bazar günü İndoneziya Maliyyə Nazirliyinin yayılan açıqlamasında onların AIIB-ə 672,1 mln. dollar yatıra biləcəkləri (9-cu pay sahibi) qeyd olunub.

Xatırladaq ki, bu gün AIIB-in yaradılması və fəaliyyəti ilə bağlı ADB-nin prezidenti Takehiko Nakao mediaya açıqlaması yayılıb. ADB rəsmisi yeni bir bankın fəaliyyət göstərməsindən məmnun olduğunu, hər iki Asiya Bankının gələcəkdə əməkdaşlıq edə biləcəklərini açıqlayıb.

T.Nakao, həmçinin ADB-nin regionda zəngin təcrübəsi olduğunu və bu təcrübənin paylaşa biləcəklərini də qeyd edib.

Xatırladaq ki, mayın 2-5-də Bakıda keçirilən ADB-nin 48-ci illik toplantısı zamanı AIIB və ADB prezidentləri görüşüblər.

Son xəbərlər

Orphus sistemi