"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyində ölkəmizdə işgüzar səfərdə olan Ümumrusiya Sığortaçılar Birliyinin prezidenti İqor Yurgenslə görüş keçirilib.
"Report"a daxil olan məlumata görə, görüşdə ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev və icraçı direktoru Elmar Mirsalayev iştirak ediblər.
Ölkəmizin sığorta sektorunda son illər qeydə alınan inkişaf göstəricilərinə toxunan görüş iştirakçıları, sığorta sektorunun davamlı və dayanıqlı maliyyə sisteminin formalaşmasındakı əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.
Görüş çərçivəsində sığorta sahəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlıq imkanları da geniş müzakirə edilib. Əvvəlcədən əldə edilmiş razılığa əsasən, ASA ilə Ümumrusiya Sığortaçılar Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəddə qeyd olunan şərtlərə görə, iki qurum növbəti mərhələdə sığorta, maliyyə-kredit əməliyyatları və vergiqoyma sahəsində tətbiq edilən qanunvericilik və hüquqi-normativ aktlarla bağlı məlumat mübadiləsi, peşəkar kadrların hazırlanması, tədris proqramları və metodiki materialların mübadiləsi, habelə sığorta biznesi ilə əlaqədar işgüzar görüşlər, konfranslar və seminarların təşkil olunması, eyni zamanda sığorta və təkrarsığorta prosesləri ilə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə konsultasiyaların təşkil olunması və digər istiqamətlər üzrə əməkdaşlıq edəcək.
Xatırladaq ki, ASA beynəlxalq təcrübənin öyrənilməsi və sığorta sahəsində yeni dünya trendlərinin ölkəmizdə tətbiqi məqsədilə ötən ilin dekabr ayında Türkiyə Sığorta Birliyi ilə də Əməkdaşlıq Memorandumu imzalamışdı.