Təbii fəlakətlərin sığortalı əmlaka vurduğu zərər: Cərimələr və tariflər

Təbii fəlakətlərin sığortalı əmlaka vurduğu zərər: Cərimələr və tariflər “Daşınmaz əmlakın icbari sığortası” üzrə tarif və təminatlar bölgələrə görə dəyişir
Maliyyə
106
26 Avqust , 2021 15:50
Təbii fəlakətlərin sığortalı əmlaka vurduğu zərər: Cərimələr və tariflər

“Ölkəmizin müxtəlif ərazilərində xüsusilə son günlər intensiv şəkildə qeydə alınan təbii fəlakətlər sığorta hadisəsi hesab olunur”.

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib.

O bildirib ki, təbii fəlakətlərin sığortalı əmlaka vurduğu zərər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:

“Son vaxtlar ölkəmizin müxtəlif ərazilərində digər dünya ölkələrində olduğu kimi qeyri-sabit hava şəraiti hökm sürür. Bu da nəticədə təbii fəlakətlərə səbəb olur. Avqust ayı ərzində ökəmizin qərb və şimal bölgələrində, xüsusilə Qusar rayonunda 30 mm (aylıq normanın 89 %-i), Tovuzda 20 mm (aylıq normanın 82 %-i) yağıntı, Quba və Qusarın bəzi kəndlərində dolu düşməsi hadisələrini buna misal göstərə bilərik. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq bildirmək istəyirik ki, yuxarıda qeyd olunan halların sığortalı əmlaka zərər vurması sığorta hadisəsi hesab olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda da bildirilir ki, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və s. kimi hallar “Daşınmaz əmlakın icbari sığortası” üzrə sığorta hadisəsidir”.

Elmar Mirsalayev
Elmar Mirsalayev

E.Mirsalayev qeyd edib ki, “Daşınmaz əmlakın icbari sığortası” üzrə tarif və təminatlar bölgələrə görə dəyişir:

“Bildiyiniz kimi, “Daşınmaz əmlakın icbari sığortası” “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Müvafiq qanuna görə, yaşayış evləri və mənzillərin icbari sığortası üzrə Bakı şəhəri üçün sığorta tarifi 50 manat, sığorta təminatı 25 min manatdır. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində tarif 40 manat, təminat 20 min manatdır. Respublikamızın digər ərazilərində isə tarif 30 manat, təminat məbləği isə 15 min manatdır.

Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə məbləğ isə həmin əmlakın yerləşdiyi yerə, həcminə və təyinatına görə müəyyənləşdirilir”.

İcraçı direktorun sözlərinə görə, qanunvericiliyin tələbinə əməl etməyərək əmlakını icbari qaydada sığortalamayan şəxslər üçün müxtəlif məbləğlərdə cərimələr nəzərdə tutulub:

“Əmlakın icbari sığortası qanunvericiliyə görə hər kəs üçün məcburidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərin 30 manat, vəzifəli şəxslərin 80 manat, hüquqi şəxslərin isə 200 manat məbləğində cərimə edilməsi nəzərdə tutulub”.

Son xəbərlər

Orphus sistemi