ARDNF-in aktivləri 44 milyard dollara yaxınlaşıb

ARDNF-in aktivləri 44 milyard dollara yaxınlaşıb 2020-ci ildə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 360,8 milyon manat, büdcə xərcləri isə 12 425,3 milyon manat təşkil edib.
Maliyyə
22 Yanvar , 2021 17:37
ARDNF-in aktivləri 44 milyard dollara yaxınlaşıb

2020-ci ildə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 360,8 milyon manat, büdcə xərcləri isə 12 425,3 milyon manat təşkil edib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, ötən il ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı 7 382,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 587,3 milyon, bonus ödənişlərindən 767,8 milyon manat, akrhesabı ödənişlərdən 6,7 milyon manat, tranzitdən isə 20,4 milyon manat gəlir əldə edib. Bundan başqa, Fondun vəsaitinin idarə olunmasından 1 978,6 milyon manat gəlir əldə olunub.

Qurumun valyuta məzənnələrinin dəyişməsindən yaranmış fərqlə bağlı büdcədənkənar gəlirləri isə 3 473,9 milyon manat olub.

Hesabat dövründə ARDNF dövlət büdcəsinə 12 200 milyon manat transfert edib, qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4,1 milyon manat yönəldib. Fondun idarə edilməsinə isə 21,2 milyon manat xərclənib.

Bu yanvarın 1-nə ARDNF-in aktivləri 43 564,3 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il yanvarın 1-nə nisbətən 0,6% çoxdur.

Koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə Fondun büdcə xərcləri büdcə gəlirlərini üstələsə də, vəsaitlərin idarə edilməsindən əldə edilmiş və büdcədənkənar gəlirlər (3,2 milyard dollar) hesabına aktivlərdə artım baş verib.

Son xəbərlər

Orphus sistemi