AmCham əməkhaqqına tətbiq edilən vergi yükünün azaldılmasını təklif edib

AmCham əməkhaqqına tətbiq edilən vergi yükünün azaldılmasını təklif edib Bakı. 3 may. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ölkədə əməkhaqqı üzərinə qoyulan fiskal yükün optimal olmasını istəyir.
Maliyyə
3 May , 2018 16:35
AmCham əməkhaqqına tətbiq edilən vergi yükünün azaldılmasını təklif edib
AmCham prezidenti Nuran Kərimov / Report/ Firi Salim

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ölkədə əməkhaqqı üzərinə qoyulan fiskal yükün optimal olmasını istəyir.

“Report” xəbər verir ki, bu fikirləri vergilər naziri Mikayıl Cabbarovla sahibkarların görüşündə AmCham prezidenti Nuran Kərimov səsləndirib.

N.Kərimov deyib ki, optimallaşma regionda səriştəli işçi qüvvəsinin cəlb edilməsində rəqabətli mühitə şərait yarada bilər:

“Ümid edirik ki, yaxın zamanlarda bununla bağlı müəyyən dəyişikliyin şahidi olacağıq”.

AmCham prezidenti həmçinin nazirdən vergi yoxlamaları ilə bağlı məsələlərə diqqət yetirilməsini xahiş edib:

“Vergi ödəyicisi ilə Vergilər Nazirliyinin əməkdaşlarının ən çox təmas yarandığı məsələlərdən biri vergi yoxlamalarıdır. Vergi yoxlamalarının tam qanuna uyğun, obyektiv keçirilməsi ən çox gözlənilən məsələdir. Ümid edirik ki, Nazirliyin yeni komandasının prioritet məsələləri sırasında bu məsələ başda duracaq”.

N.Kərimov qeyd edib ki, AmCham üzvləri, əsasən, qanuna əməl edirlər:

“Azərbaycanda hər bir sahibkar öz üzərinə düşənə əməl etməlidir. Biz dövlətdən, Vergilər Nazirliyindən nələrisə gözlədiyimiz kimi, öz payımıza düşən öhdəlikləri də yerinə yetirməliyik. Vergi ödəyən şirkətlər nəzərə alınsın və vergi yoxlamalarının yükü onların da üzərinə düşməsin”.

AmCham rəsmisi həmçinin M.Cabbarovdan vergi ödəyicilərinə bərabər yanaşılmanın tətbiq edilməsini xahiş edib:

“Vacib gözləntilərdən biri odur ki, vergi ödəyicilərinə bərabər gözlə baxılsın. Mikayıl müəllim də öz çıxışında bildirmişdi ki, vergi ödəyicilərinə mənimki, səninki kimi yanaşılmasın. Hamıya bir gözlə baxılsın. Biz mümkün qədər ən yaxın zamanda bu məsələ ilə bağlı dəyişikliklər gözləyirik. Xüsusilə apellyasiya mexanizminin inkişaf etdirilməsini istəyirik ki, vergi ödəyicilərinin şikayətləri obyektiv surətdə və maksimum bürokratiya olmadan həll edilsin”.

Son xəbərlər

Orphus sistemi