İlk xəbər saat 18:03-də verilib
Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin növbəti iclası keçirilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
"Makroiqtisadi sferada müşahidə olunan ilkin müsbət trendləri və formalaşan yeni gözləntiləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz (15%) saxlanması barədə yekdil qərar qəbul edib", - deyə məlumatda qeyd olunub.
***
İclasda son makroiqtisadi proseslər, inflyasiyaya təsir edən amillər, bu amillərin idarə olunması üçün görülən tədbirlər və pul siyasətinin reallaşmasının gedişi müzakirə olunub.
"Mərkəzi Bankın genişmiqyaslı sterilizasiya əməliyyatları pul siyasətinin yeni lövbəri olan pul bazasının həcmini optimallaşdırıb. Mərkəzi Bank məzənnə rejiminin çevikliyini artırmaq istiqamətində bir sıra qərarlar qəbul edib. Yeni valyuta hərracı mexanizminin tətbiqi, xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limitin aradan götürülməsi valyuta bazarına tarazlaşdırıcı təsir göstərib. Cari ilin ötən dövründə milli valyutanın bir qədər möhkəmlənməsi trendi müşahidə olunub ki, bu da inflyasiya gözləntilərinin yaxşılaşmasını şərtləndirib", - deyə AMB-dən bildirilib.
Qeyd olunan proseslər fonunda 2017-ci ilin fevral ayında əvvəlki aya nisbətən inflyasiya templərinin azalması müşahidə olunub. Qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsinin tətbiqinin effektivliyindən, tədiyyə balansında və valyuta bazarında müsbət trendlərin davam etməsindən asılı olaraq cari ilin sonuna birrəqəmli inflyasiya səviyyəsinə nail olmaq imkanları yaranıb.
Qeyd edək ki, AMB-nin İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.