Azərbaycan Mərkəzi Bankının (AMB) əsas məqsədi banklar arasında təminatlı və təminatsız bazarın yaradılmasıdır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, burada həm say olaraq, həm də həcm olaraq aktivlik müşahidə edilib:
“Bizim üçün əsas göstərici həcm və dövriyyə deyil, ən əsas göstərici bizim faiz qərarlarımızın həmin banklararası bazara təsiridir. Yanvar ayında banklar arasında təminatsız bir günlük olan əqdlər dekabra nisbətən 0,8 % artıb”.
T. Kazımov xatırladıb ki, Azərbaycanda bu ilin yanvarın 9-dan etibarən banklararası mütəşəkkil valyuta bazarı (platforması) fəaliyyətə başlayıb.
O qeyd edib ki, banklar bu bazarda bir-birlərinə valyuta sata və ala bilirlər: “Bu platformanın köməyi ilə, valyuta kəsiri olan bank öz kəsirini bağlaya, profisiti olan bank isə onu sata bilər".