AMB: "Bu il tədiyə balansında ÜDM-ə nisbətdə ikirəqəmli profisit ola bilər"

AMB: "Bu il tədiyə balansında ÜDM-ə nisbətdə ikirəqəmli profisit ola bilər" Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyyə balansında Ümumi Daxili Məhsula nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır.
Maliyyə
18 Mart , 2022 15:25
AMB: Bu il tədiyə balansında ÜDM-ə nisbətdə ikirəqəmli profisit ola bilər

Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında Ümumi Daxili Məhsula nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca fundamental amildir. Son hadisələr qeyri-neft əmtəə və xidmət ixracının artım tempinə, eləcə də ölkəyə daxil olan pul baratlarının həcminə və qeyri-neft sektoruna investisiyaların dinamikasına da təsir edəcəkdir.

Beynəlxalq təşkilatlar qlobal iqtisadi artım proqnozunu azaltmaq, inflyasiya proqnozunu isə artırmaq istiqamətində təshih edirlər. Bir çox analitik mərkəzlər pandemiyanın və iqlim dəyişikliklərinin neqativ təsirlərinə məruz qalan dünya iqtisadiyyatının geosiyasi gərginliklərin güclü neqativ təsirləri altında staqflyasiya, yəni yüksək inflyasiya və ressesiyanın kombinasiyası ilə üzləşə biləcəyini ehtimal edirlər. Onların fikrincə tarixi rekordları təkrarlayan qiymət artımları, beynəlxalq logistika-təchizat zəncirindəki problemlər, hesablaşmalarda yaranan çətinliklər, qeyri-müəyyənliklərin kəskin artımı qlobal istehsalın azalması və xərclərin artmasını sürətləndirir.

Yaranmış vəziyyətdə mərkəzi banklar inflyasiya ilə mübarizə aparmaq və iqtisadi artımı dəstəkləmək kimi çətin dilemma qarşısındadırlar. Qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi şəraitində aparıcı ölkələrin mərkəzi bankları daha təmkinli monetar siyasət həyata keçirəcəyini açıqlamışlar.

Ötən iclasdan bəri Azərbaycanın ixracında mühüm paya malik neftin və təbii qazın qiymətinin kəskin artması müşahidə olunur. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 96 ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin orta qiymətindən (71 ABŞ dolları) 35% çoxdur. Mart ayında bəzi günlərdə neftin qiyməti 2008-ci ildən bəri pik səviyyəyə qalxmışdır. Təbii qazın qiyməti də Avropada rekord həddə çatıb. Azərbaycandan ixrac olunan neft və qazın hasilatının həcminin də cari ildə artacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi