AMB: “Banklarda situasiya bir qədər pisləşib”

AMB: “Banklarda situasiya bir qədər pisləşib” “İqtisadiyyat və bank sistemində əhəmiyyətli likvidlik var - təxminən 8 milyard manata qədər. Lakin bəzi hallarda iqtisadiyyatda müəyyən likvidlik problemləri yaranırsa, Mərkəzi Bank buna operativ reaksiya verir və likvidliyi təmin edilir. İlin əvvəlindən
Maliyyə
16 İyul , 2020 01:44
AMB: “Banklarda situasiya bir qədər pisləşib”
Azərbaycan Mərkəzi Bankı / Report

“İqtisadiyyat və bank sistemində əhəmiyyətli likvidlik var - təxminən 8 milyard manata qədər. Lakin bəzi hallarda iqtisadiyyatda müəyyən likvidlik problemləri yaranırsa, Mərkəzi Bank buna operativ reaksiya verir və likvidliyi təmin edilir. İlin əvvəlindən maliyyə sektorunda başlayan pozitiv dinamika saxlanılıb. Bank sektorunda da yaxşı start götürmüşdük. Biznes kreditləri 1,8 faiz, ipoteka kreditləri 3,2 faiz artmışdır. İstehlak kreditləri isə 4,8 faiz azalıb”.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bütövlükdə banklarda situasiya bir qədər pisləşib:

“Biz vəziyyəti nəzarətdə saxlayırıq. Mərkəzi Bank situasiyanı tam nəzarətdə saxlayır. Lakin bankların 23 faiz səviyyəsində, yəni, müvafiq normadan iki dəfədən artıq kapital buferi bu gün gözlənilən itkiləri qarşılamağa imkan verir.

İkinci rübdə ölkədə maliyyə sağlamlığının gücləndirilməsi istiqamətində radikal addımlar atdıq. Dörd bankın, bir tibbi sığorta şirkətinin lisenziyaları geri çağırıldı. Bütövlükdə bu addımlar operativ olaraq bir ayın içində - aprelin sonunda və may ayının ortalarında atılmışdı. Bütün bu problemləri operativ həll etdik. İyunun 1-dən artıq əmanətçilərin əmanətləri qaytarılmağa başlandı. Hazırda hər dörd bank üzrə əmanətlər “Kapital Bank” və Beynəlxalq Bank vasitəsilə qaytarılır. Bugünkü tarixə 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılmışdır. Bu məsələ çox ciddi diqqətdədir, nəzarətdədir. Ortaya çıxan məsələləri, problemləri hökumətin də aktiv dəstəyi, köməyi ilə operativ həll edirik”.

O, qeyd edib ki, sığorta sistemində də ilin əvvəlindən artım var, yığımlar 13,5 faiz artırılıb:

“Kapital bazarlarında canlanmanı təşviq edirik. Bu günlərdə “SOCAR Polymer Invesment” Məhdud Məsuliyyətli Cəmiyyəti daxili bazarın istiqraz emissiyası vasitəsilə 200 milyon dollar vəsait cəlb etmişdir, Azərbaycan banklarını öz ehtiyaclarına uyğun təmin etmişdir. Bu vəziyyətdə təbii ki, təmassız ödəniş sistemlərinin, elektron ödəniş sistemlərinin üzərinə olduqca böyük iş düşmüşdür. İlkin qiymətləndirməyə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyata 37 faiz, təmassız kartların sayı 2 dəfə, təmassız ödənişlər 5 dəfə, elektron ticarət 53 faiz, bankçılıq 2,2 dəfə, internet bankçılıq isə 84 faiz artmışdır.

Pandemiyanın nəticələrini aradan qaldırmağa imkan verən antiböhran tədbirlərinə Mərkəzi Bank da qoşulmuşdur. Hazırda bizim verdiyimiz requlyativ güzəştlərə uyğun olaraq, banklara 1 milyard manat məbləğində kreditlərin restrukturizasiyası ilə əlaqədar 64 mindən çox müraciət olunmuşdur. Banklar tərəfindən bu müraciətlərə operativ baxılır. Artıq biznes kreditlər üzrə 58 faiz, ipoteka kreditləri üzrə 77 faiz, əhalinin istehlak kreditləri üzrə isə 84 faiz müraciətlər icra edilib, restrukturizasiya olunub. Əhaliyə biznesə möhlətlər verilib və bu, onlara bir qədər yüngüllük gətirir. Çünki onlar pandemiya dövründə öz gəlirlərini itiriblər.

Bankların nağdsız ödənişlər üzrə xidmət haqlarını biz 50 faizə qədər aşağı salmışıq. Cənab Prezident, insanların hərəkət imkanları məhdud olduğuna görə müddəti başa çatan təqaüd kartlarının müddətini onların müraciətlərinə əsasən sentyabrın sonuna qədər uzatmışıq. Lazım gəlsə, situasiyadan asılı olaraq bu tədbiri davam etdirəcəyik”.

Son xəbərlər

Orphus sistemi