AMB: "Bank sisteminin uzun açıq valyuta mövqeyi normativ tələblər çərçivəsində olub"

AMB: "Bank sisteminin uzun açıq valyuta mövqeyi normativ tələblər çərçivəsində olub" Mərkəzi Bank: "Azərbaycanda bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir"
Maliyyə
18 May , 2024 10:30
AMB: Bank sisteminin uzun açıq valyuta mövqeyi normativ tələblər çərçivəsində olub

Azərbaycanda bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsində olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, ötən il bank sisteminin uzun açıq valyuta mövqeyi 203 milyon manat, bank sisteminin açıq valyuta mövqeyinin məcmu kapitala nisbəti göstəricisi isə 3,6 % təşkil etməklə, normativ tələblər çərçivəsində olub.

Qeyd edək ki, “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”na əsasən sərbəst dönərli valyuta üzrə məcmu açıq valyuta mövqeyinin bankın məcmu kapitalına nisbəti üzrə maksimum limit 20 % təşkil edib.

AMB-nin hesabatında vurğulanıb ki, sektorda uzunmüddətli dedollarlaşma trendi davam edib.

Ötən ildə bank sisteminin depozit portfelinin dollarlaşma səviyyəsi əvvəlki illə müqayisədə 8,6 faiz bəndi azalaraq 38,4 %, kredit portfelinin dollarlaşma səviyyəsi isə 1,2 faiz bəndi azalaraq 18,8 %-ə enib.

Bildirilib ki, sektorda dollarlaşmanın azalması kənar şokların bank sisteminə təsirini neytrallaşdırmağa imkan verməklə bank sisteminin maliyyə dayanıqlılığını gücləndirib.

2023-cü il ərzində depozitlər üzrə dedollarlaşmanın əsas səbəbi hüquqi şəxslərin depozitləri olub.

Ötən il ərzində ümumilikdə hüquqi şəxslərin cəmi depozitlərinin dollarlaşması 9,8 faiz bəndi azalaraq 41% təşkil edib. Dedollarlaşma trendi hüquqi şəxslərin həm tələbli, həm də müddətli depozitləri üzrə müşahidə edilib. Belə ki, HŞ-lərin tələbli depozitləri üzrə dollarlaşma 12 f.b. azalaraq 36,3 %-ə, müddətli depozitləri üzrə isə 10,9 faiz bəndi azalaraq 59,2 %-ə enib.

2022-ci ilin sonu ilə müqayisədə hüquqi şəxslərin xarici valyutada olan tələbli depozitləri məbləğ ifadəsində 3,2 milyard manat azalıb.

Bildirilib ki, azalmanın əsas səbəbi əsasən neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin ödəmələri ilə bağlı olub.

Son xəbərlər

Orphus sistemi