​"Akkord" Korporasiyası iki ildir ki, mənfəət vergisi ödəmir

​"Akkord" Korporasiyası iki ildir ki, mənfəət vergisi ödəmir Şirkət mənfəətini 10% artırıb
Maliyyə
26 İyul , 2016 11:37
​Akkord Korporasiyası iki ildir ki, mənfəət vergisi ödəmir

Bakı. 26 iyul. REPORT.AZ/ "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin cəmi aktivləri 2016-cı ilin əvvəlinə 755,512 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin sonuna olan analoji göstərici ilə müqayisədə 7,2% çoxdur.

Ötən il ərzində Korporasiyanın cəmi öhdəlikləri 5,3% artaraq 580,222 mln. manat, cəmi kapitalı isə 14,2% artaraq 175,289 mln. manat olub.

Hesabat dövründə Şirkətin əsas gəlirləri 39,142 mln. manat, digər gəlirləri 56,657 mln. manat, tikinti müqavilələrinin və satışın maya dəyəri 26,616 mln. manat, ümumi və inzibati xərcləri 12,383 mln. manat, maliyyə xərcləri isı 35,022 mln. manat təşkil edib.

Bununla da, "Akkord" 2015-ci ili 21,777 mln. xalis mənfəətlə başa vurub. Xatırladaq ki, 2014-cü ildə bu rəqəm 19,812 mln. manat olub. Başqa sözlə, Şirkət mənfəətini 9,9% artırıb. Bununla belə, Korporasiya nə ötən il, nə də ondan əvvəlki il dövlət büdcəsində mənfəət vergisi ödəməyib.

Bununla bağlı "Akkord"dan "Report"a bildirilib ki, son iki il ərzində əldə edilmiş mənfəət əvvəlki illərin zərərinin kompensasiya edilməsinə sərf olunub. Belə ki, Vergi Məcəlləsinin 121.1. maddəsində əsasən, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Odur ki, 2014-2015-ci illər üçün Korporasiyanın dövlət büdcəsi qarşısında mənfəət vergisi öhdəliyi yaranmayıb.

Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 74,113 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 17,5 manat olan 4,235 mln. səhm əsasında formalaşıb. Səhmlərin 51%-i "VIP Estate" MMC-yə, 49%-i isə Dərya Müsəllim oğlu Vəliyeva məxsusdur.

Son xəbərlər

Orphus sistemi