Bakı. 9 fevral. REPORT.AZ/ Asiya İnfrastuktur İnvestisiya Bankına (AIIB) 5 yeni vitse-prezident təyin edilib. "Report"un Çinin "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, Bankın vitse-prezidenti kimi təsdiq edilənlər siyahısında 2010-2015-ci illərdə B.Britaniyanın Xəzinədarlıq İdarəsinin rəisi işləmiş, 1972-ci il təvəllüdlü Deni Aleksandrın (Danny Alexander) da adı var.
Çinin liderlik etdiyi yeni yaradılan bankın digər vitse-prezidenti Kitak Honq (Kyttack Hong) həm də Koreya İnkişaf Bankı İdarə Heyətinin sədri və baş icraçı direktorudur. K.Honq AIIB-də risklərin idarə edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq.
Adı vitse-prezidentlərin siyahısında yer alan üçüncü şəxs isə Hindistandan olan D.J.Pandiandır ki, onun da bank-maliyyə sahəsində 30 illik iş təcrübəsi var. D.J.Pandian Hindistan İnzibati Xidmətində (Indian Administrative Services) banklar üzrə baş investisiya rəisi vəzifəsində çalışıb.
AIIB-in vitse-prezidentləri siyahısında Dünya Bankında yüksək vəzifə tutan şəxslər də yer alıb. Bu, Yoaxim fon Amsberqdir (Joachim von Amsberg) - hazırda Dünya Bankının inkişafın maliyyələşməsi üzrə vitse-prezidentidir və AIIB-ə siyasət və strategiya üzrə vitse-prezident kimi aparılıb.
Bankın 5-ci vitse-prezidenti isə İndoneziya hökumətində 20 illik təcrübəsi olan Luki Eko Vuryantondur (Luky Eko Wuryanto). O, baş inzibatçı kimi fəaliyyət göstərəcək.
AIIB prezidenti Cin Liqun (Jin Liqun) Çinin keçmiş vitse-maliyyə naziri olub.
Qeyd edək ki, AIIB 2016-cı ilin ikinci rübündə investisiya əməliyyatlarına başlayacağını və ilk 5-6 ildə illik 10-15 mlrd. dollarlıq investisiya yatıracağını açıqlayıb.
Xatırladaq ki, 2015-ci il iyunun 29-da 57 ölkə Pekində AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycanın Bankda iştirak payı isə 0,25% (245,1 mln. dollar) təşkil edir.