Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün "AGBank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Bu barədə "Report"a Bankdan bildirilib.
Məlumata görə, yığıncaqda "AGBank"ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Əfqan Cəlilov sədr vəzifəsinə təsdiqlənib. Bundan başqa, indiyə qədər İH-nin üzvü olan Elnur Musayev İH-nin sədr müavini seçilib. İH-nin üzvü kimi isə Səkinə Xələfova saxlanılıb.
Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Bankın nizamnamə kapitalı 102,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 51,1 mln. səhm əsasında formalaşıb. Səhmlərin 31,68%-i Çingiz Əsədullayevə (Müşahidə Şurasının sədri), 8,3%-i Qriqoriy Marçenkoya, 5,79%-i Fərzulla Yusifova, 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i "Kazimir Partners" şirkətinə, qalan 47,5%-i isə 80 minoritar səhmdara məxsusdur.
