Bakı. 19 iyul. REPORT.AZ/ “AFB Bank” ASC-nin aktivləri illik müqayisədə 31% artaraq 2018-ci il iyulun 1-nə 522 782 min manata çatıb.
“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi ( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 1,5% azalaraq bu il iyulun 1-nə 166 643 min manat olub.
Cəmi öhdəliklər illik 42% artaraq 450 778 min manat, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 82% artaraq 317 120 min manat təşkil edib. Bildirək ki, 2018-ci il iyulun 1-nə əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) banka qarşı tələbi yoxdur. 2018-ci il iyulun 1-nə bankın nizamnamə kapitalı 70 394 min manat, cəmi kapitalı 72 005 min manat təşkil edib.
Bank 2018-ci ilin birinci yarısında 5 330 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 dəfəyədək artım deməkdir. 2018-ci ilin yanvar-iyun aylarında bankın faiz gəlirləri 18 950 min manat, qeyri-faiz gəlirləri 4 991 min manat, faiz xərcləri 1 613 min manat, qeyri-faiz xərcləri 9 436 min manat təşkil edib.