“Access Bank”ın rəhbərliyi dəyişir

“Access Bank”ın rəhbərliyi dəyişir “Access Bank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov bu ilin sonunda vəzifəsini tərk edir.
Maliyyə
25 Noyabr , 2020 10:05
“Access Bank”ın rəhbərliyi dəyişir

“Access Bank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov bu ilin sonunda vəzifəsini tərk edir.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, A.Həsənov 2002-ci ildə “Access Bank”da əmək fəaliyyətinə başlamış ilk əməkdaşlardan biridir. O, 2018-ci ildə sədr vəzifəsinə təyin olunub. Bankın beynəlxalq səhmdarlarının və Azərbaycan Mərkəzi Bankının yeni sədri təsdiq etməsinə qədər maliyyə qurumuna rəhbərliyi Yevqeniya Qaşikulina edəcək.

“Access Bank”ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk Bankdakı kadr dəyişikliyini belə şərh edib: “A.Həsənov Bankda 18 il fəaliyyət göstərdi və bu müddət ərzində qarşımıza qoyduğumuz strateji hədəflərə çatmağımızda onun əvəzsiz rolu var. O, qərar verib ki, digər yerli bankda (“Yelo Bank” ASC) fəaliyyətinə davam edərək, yeni nailiyyətlər əldə etsin. Mən onun qərarına hörmətlə yanaşıram və yeni işində uğurlar arzu edirəm. Həmçinin “Access Bank”ın Müşahidə Şurasının adından A.Həsənova Bankda fəaliyyəti dövründə çalışqanlığı və sadiqliyi üçün təşəkkürümüzü bildirirəm. Əminəm ki, yeni komandası A.Həsənovun təcrübəsindən və idarəetmə bacarığından çox şey qazanacaq. “Access Bank” Azərbaycanın bank sektorunu hər zaman yüksək səviyyəli mütəxəssislərlə təmin edib. Hazırda Bankın keçmiş əməkdaşları müxtəlif maliyyə qurumlarında mühüm vəzifələrdə işləyirlər.

“Access Bank”ın həm Baş ofis, həm də filiallarında çalışan peşəkar komandası Bankın uğurunun əsas zəminidir. Biz əminik ki, bu komanda müştərilərimizə yüksək səviyyədə xidmət göstərərək, Bankımızı yeni inkişaf səviyyəsinə qaldıracaq. “Access Bank”ın Azərbaycan iqtisadiyyatında vacib rol oynamağa davam edərək, ölkədə mikromaliyyələşdirmə lideri mövqeyini qoruyub saxlayacağına əminəm. Bu komandanın bir hissəsi olmağımla fəxr edirəm”.

Son xəbərlər

Orphus sistemi