"Access Bank" QSC bu ilin I yarısını 1,5 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 86,5 milyon manat zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, yanvar-iyun aylarında "Access Bank"ın gəlirləri 54,3 milyon manat (illik müqayisədə 22,7% az), xərcləri 50,8 milyon manat (6,6% az), xüsusi ehtiyatlara ayırmaları isə 3,4 milyon manat (96,7% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə "Access Bank"ın aktivləri 851,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,9% çoxdur. Bunun 474,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,3% böyüyüb.
Hesabat dövründə "Access Bank"ın öhdəlikləri 5,8% artaraq 756,2 milyon manata çatıb, o cümlədən depozit portfeli 9,3% azalaraq 558,3 milyon manata düşüb, balans kapitalı isə 1,7% azalaraq 95 milyon manat təşkil edib.
Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7,11%), “Responsibility SICAV (Lux)” (2,91%), EFSE (2,78%), “Symbiotics SICAV (Lux)” (2,27%), GGF (1,77%), “LFS Advisory GmbH” (1,27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).