ABŞ qanunvericiləri rublu çökdürə bilər

ABŞ qanunvericiləri rublu çökdürə bilər Qanun Rusiya qiymətli kağızlarına investisiyanı qadağan edir
Maliyyə
19 Aprel , 2017 21:06
ABŞ qanunvericiləri rublu çökdürə bilər

Bakı. 19 aprel. REPORT.AZ/ "Rubl xarici investorlar üçün böyük qazanc imkanları yaratmağa davam edir. Lakin bu vəziyyət dəyişə bilər."

"Report" xəbər verir ki, bu barədə "İnvesting.ru" saytında qeyd olunub. Vurğulanıb ki, faiz fərqindən real böyük qazanc dövrü ABŞ Konqresi tərəfindən sonlandırıla bilər. Belə ki, Konqres ona baxılmaq üçün təqdim olunan qanun layihəsini təsdiq etsə, ABŞ-ın fiziki şəxsləri, bankları və şirkətləri tərəfindən Rusiya istiqrazlarının alınması qadağan oluna bilər. Ekspertlər bildirirlər ki, belə olduğu təqdirdə rubl kəskin devalvasiyaya məruz qala, Rusiya iqtiadiyyaı çökə bilər.

Analitiklərin fikrincə, hazırda möhkəm rubl Rusiya iqtisadiyyatının real vəziyyətini əks etdirmir. İqtisadiyyat çox zəif vəziyyətdədir. Rubl isə xarici portfel investisiyaları sayəsində möhkəmlənib. Bu isə qeyri-sabit şəraitin yaranmasına gətirib çıxarıb.

Qeyd edək ki, bu il martın 28-də ABŞ Konqresinə respublikaçı Aleksandr Muni tərəfindən təqdim edilən qanun layihəsi "2017 Rusiya təcavüzünə əks tədbirlər" adlanır. Layihə Rusiyanın ABŞ seçkilərinə qarışması, Ukraynada Minsk razılaşmalarına əməl edilməməsi, Krım, Cənubi Osetiya və Abxaziyanın qanunsuz anneksiyasına cavab kimi qiymətləndirilir.

Layihədə həmçinin Rusiyanın neft-qaz sektoruna 20 mln. ABŞ dolları, boru xətlərinin inşasına isə 1 mln. dollardan çox investisiya qoyulması qadağan olunur. Layihənin üçüncü ölkələrin şəxslərinə şamil olunması da gözlənilir.

Xatırladaq ki, hazırda Rusiya fond bazarının 60-65%-i qeyri-rezidentləri tərəfindən nəzarətdədir. Onlar 1,5 trln. rubl və ya 27 mlrd. dollarlıq istiqraz sahibidirlər və istiqraz bazarının 28%-nə nəzarət edirlər.

Son xəbərlər

Orphus sistemi