Bakı. 14 dekabr. REPORT.AZ/ Treyderlər ABŞ istiqrazları üzrə xalis uzun mövqelərini 2005-ci ilin yaz-yay mövsümü istisna olmaqla 1992-ci ildən etibarən maksimum həddə çatdırıblar.
"Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Fyuçerlərlə ticarət Komissiyasının hesabatında bildirilib.
Hesabata əsasən, əvvəllər ABŞ Federal Ehtiyat Sisteminin (FES) yumşaq monetar siyasəti dövründə treyder və investorlar dövlət istiqrazlarından investisiya portfellərinin diversifikasiyası və risklərin azaldılması üçün istifadə edirdilər. ABŞ istirqazları bir maliyyə aləti kimi maraq kəsb etməyib və yalnız təhlükəsizliyin təminatı rolunu oynayıb. Hazırda isə ABŞ dövlət istiqrazları investorlar və treyderlər üçün vacib maliyyə alətinə çevrilmək üzrədir. Belə ki, hazırda maliyyə bazarı iştirakçıları FES-in sərt monetar siyasət tətbiq etməsi çərçivəsində istiqrazların gəlirliliyinin artmasını gözləyirlər. Əlbəttə, faizlərin tədricən artması durumunda istiqraz qiymətlərinin düşməsi spekulyatorlar üçün maraqlı olmasa da, investorlar, yəni istiqrazı son ana qədər əldə saxlayanlar üçün yüksək faiz və minimal risk çox cəlbedici amildir.
İstiqrazlara yaranan yüksək tələbat iqtisadiyyata təkan verərək növbəti faiz artımlarını gündəmə gətirəcək. Dolların məzənnəsinin yüksəlməsi və ABŞ-ın yeni prezidenti Donald Trampın reflyasiya siyasəti (inflyasiyanın stimullaşdırılması) ilə bərabər əlavə gömrük rüsumlarının tətbiqi uçot dərəcəsini tədricən və yavaş tempdə də olsa artırılmasını zəruri edir.