İlin əvvəlindən bu yana ABŞ dolları avroya nisbətən təxminən 10%, yenə nisbətən isə 3-4% ucuzlaşıb. Bu, kəskin böhran şəraitində valyuta bazarının olduqca qeyri-adi davranışıdır.
“Report” xəbər verir ki, bu barədə “İzvestiya” yazıb.
İqtisadçı Stiven Rouçun fikrincə, bu, dolların uzunmüddətli enişinin əlamətidir. Birincisi, buna ABŞ-ın artan ticarət defisiti təsir edir. İkinci əsas amil isə ABŞ-da əmanətlərin həddən artıq aşağı səviyyədə olmasıdır. O hesab edir ki, dollar müxtəlif şoklara qarşı son dərəcə həssas olub. Bundan əlavə, yaxın bir neçə ildə qaçılmaz olacaq böyük büdcə kəsirləri də ABŞ valyutasına təzyiqi artıracaq.
2020-ci ildə federal büdcə kəsiri 16%, 2021-ci ildə isə növbəti fiskal stimullaşdırma raundu nəzərə alınmadan “cəmi” 8,6% səviyyəsində qiymətləndirilir. Bu ilin enişinə baxmayaraq, dolların real effektiv kursu 2011-ci ilin minimumundan 27% çoxdur.
S.Rouçun fikrincə, dolların əsas valyutalara nisbətdə enişi gələn ilin sonuna qədər 35%-ə çata bilər. Bu o deməkdir ki, avro 1,5 dollar səviyyəsinə çatacaq.
“Bank of Singapore”un baş iqtisadçısı Mənsur Mohiuddinin fikrincə, bu il yuanın dollar qarşısında nəzərəçarpacaq dərəcədə güclənməsi gələcəkdə dolların zəifləyəcəyinə işarədir. “A.G. Bisset”dən olan Ulf Lindal hesab edir ki, dollar gələn il avroya nisbətən 36% nisbətində azala bilər. “Goldman Sachs” analitikləri isə yaxın gələcəkdə dolların əsas hərəkət istiqamətinin azalma aşağıya doğru olacağını proqnozlaşdırırlar: 2023-cü ilə qədər 1 avro 1,3 ABŞ dolları dəyərində olacaq.