ABŞ-da 2 illik istiqrazların gəlirliliyi 9 illik maksimuma çatıb

ABŞ-da 2 illik istiqrazların gəlirliliyi 9 illik maksimuma çatıb FED-in son iclasından sonra dollar möhkəmlənməyə başlayıb
Maliyyə
21 Sentyabr , 2017 10:55
ABŞ-da 2 illik istiqrazların gəlirliliyi 9 illik maksimuma çatıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ ABŞ-ın 2 illik dövlət istiqrazlarının gəlirliliyi son 9 ilin maksimumuna çataraq 1,4341% təşkil edib. "Report" xəbər verir ki, buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) dünən keçirdiyi növbəti iclasından sonra yayımladığı bir sıra açıqlamalar olub.

FED rəhbəri Canet Yellen (Janet Yellen) dünənki iclasın yekunlarına dair açıqlamasında uçot dərəcəsini artırmağa davam edəcəklərini və oktyabr ayından etibarən balanslarını azaltmağa başlayacaqlarını bildirib: "İnflyasiyanın aşağı səviyyədə olması, hər zaman belə davam edəcəyi mənasına gəlmir. İnflyasiyanın aşağı olmasına səbəb məşğulluq və dolların məzənnəsinin baha olması idi. Artıq iqtisadiyyatımız güclü yola daxil olub. Hətta iqtisadiyyatımızın həddindən artıq sürətlənməsindən ehtiyat edirəm".

Qeyd edək ki, uçot dərəcəsinin 2017-ci ildə daha bir dəfə artırılması ilə bağlı qərarı FED-in 15 üzvündən 11-i dəstəkləyib. Həmçinin, FED 2018-ci il üçün iqtisadi artım tempini ötən iclasla müqayisədə dəyişməyərək 2,1%, 2019-cu il üçün isə 0,1 faiz bəndi artıraraq 2%-də təsdiq edib.

C.Yellen ABŞ iqtisadiyyatının mərhələli şəkildə FED-in balansını azaltmağa və uçot dərəcəsini artırmağa izn verdiyini açıqlayıb. Nəticədə, ABŞ dolları möhkəmlənməyə başlayıb: avronun məzənnəsi 1,20-dən 1,1880 USD/EUR, funt sterlinq - 1,36-dan 1,3480 USD/GBP-yə düşüb, Yaponiyada isə dollar 111,0 yendən 112,5 yenədək bahalaşıb.

ABŞ-ın 2 illik dövlət istiqrazları ilə yanaşı 10 illik istiqrazlar üzrə gəlirlilik 2,23%-dən 2,27%-ə yüksəlib.

Son xəbərlər

Orphus sistemi