Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı ASC-ni (ABB) İsveçrənin Cenevrə şəhərində keçirilən SİBOS 2016 beynəlxalq sərgi-konfransında təmsil edən nümayəndə heyəti dünyanın 60-dan çox bank-maliyyə qurumunun təmsilçiləri ilə işgüzar görüş keçirib.
Bu barədə "Report"a bankdan bildirilib.
Məlumata görə, müzakirələrin müəyyən bir qismi ABB tərəfindən sindikatlaşdırılmış əqdin həyata keçirilməsi ilə bağlı olub. Danışıqlarda iştirak edən 20-dən çox xarici maliyyə institutu belə bir sazişə qoşulmaq niyyətini təsdiqləyib, 4 bank isə elə sərgidəcə sazişə qoşulub. Cəlb olunacaq vəsait ABB-nin cari öhdəliklərinin yenidən maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, Bank Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) təşkilatçılığı ilə 1978-ci ildən keçirilən SİBOS sərgi-konfransından ilk dəfədir ki, öz stendi ilə iştirak edir.