​ABB-nin İslam bankçılığı üzrə investisiya portfelini bu il 1,5 dəfə artırıb

​ABB-nin İslam bankçılığı üzrə investisiya portfelini bu il 1,5 dəfə artırıb Bu ilin yanvar-sentyabr aylarında Bank İslam qaydaları əsasında cəlb etdiyi əmanətləri 10 dəfə artırıb
Maliyyə
24 Oktyabr , 2014 11:00

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam bankçılığı Departamentinin investisiya portfelinin həcmi bu ilin əvvəlindən 50% artaraq 2014-cü il oktyabr ayının əvvəlinə 175,7 mln. manata çatıb. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2014-cü ilin 9 ayı ərzində əhalinin (hazırda Departamentin fəaliyyəti Bakını əhatə edir) İslam qaydaları əsasında banka qoyduğu əmanətlərin həcmi 10 dəfəyə qədər artıb. Belə ki, cari ilin yanvar ayında bu məbləğ 1,69 mln. manat idisə, oktyabrın əvvəlinə 10,1 mln. manat olub.

Son iki il ərzində ABB-nin İslam bankçılığı Departamenti tərəfindən beynəlxalq maliyyə bazarlarından 218,7 mln. ABŞ dolları məbləğində vəsait cəlb olunub.

Qeyd edək ki, ABB ölkədə İslam bankçılığının tətbiq edilməsi layihəsi çərçivəsində yaradılmış “İslam pəncərəsi”nin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib. Az sonra ABB-nin İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı Departamenti yaradılıb. ABB-nin “İslam pəncərəsi” müştərilərə xidmət göstərməyə ötən ilin aprel ayından başlayıb. Bank tərəfindən təklif edilən xidmətlərin spektrinə İslam bankçılığının icarə - ənənəvi lizinqin analoqu, vəkalə depozit - ənənəvi depozitin analoqu, İslam bank kartları, Qard Hasan hesablarının açılması daxildir.

Son xəbərlər

Orphus sistemi