ABA sədri: "Azərbaycan iqtisadiyyatında dedollarizasiya meyilləri müşaiyət olunur"

ABA sədri: "Azərbaycan iqtisadiyyatında dedollarizasiya meyilləri müşaiyət olunur" Zakir Nuriyev: "Qəbul edilmiş bütün qərarlar maliyyə-bank sistemi və sahibkarlığın inkişafına mühüm təkan verəcək"
Maliyyə
23 Noyabr , 2017 10:09
ABA sədri: Azərbaycan iqtisadiyyatında dedollarizasiya meyilləri müşaiyət olunur
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev / Report/ Orkhan Azim

Bakı. 23 noyabr. REPORT.AZ/ "2014-cü ilin sonundan etibarən hiss edilməyə başlanan xarici şoklar, xüsusilə neqativ neft qiyməti şokunun təsiri ilə Azərbaycan iqtisadiyyatında, o cümlədən iqtisadiyyatımızın ayrılmaz tərkib hisssəsi olan maliyyə-bank sistemində mürəkkəb vəziyyət müşahidə edilib".

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, keçən dövr strateji iqtisadi islahat proqramlarının hazırlanması və icrasına başlanması və iqtisadiyyatın yeni şəraitə adaptasiyası dövrü kimi yadda qalıb, eyni zamanda bank sektorunun sağlamlaşdırılması və konsolidasiyası istiqamətində tədbirlər həyata keçirilib.

“Artıq cari ilin əvvəllərindən etibarən real sektorda bərpa prosesləri müşahidə edilməyə başlamış, iqtisadiyyatın əsas prioritet sahəsi olan qeyri-neft sektorunda iqtisadi artım neqativ zolaqdan çıxmışdır: doqquz ayın yekunlarına görə qeyri-neft iqtisadiyyatında ciddi artım müşahidə edilib. Neft qiymətlərindəki neqtiv trendin aşağı templə və tərəddüdlərlə olsa da, yüksələn trendlə əvəz olunması tədiyə balansının cari hesabında kəsirdən profisitə keçidə şərait yaradıb. İqtisadiyyatın prioritet sahələrinin inkişafı, həmçinin ixracın stimullaşdırılması və dəstəklənməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən islahatlar, eyni zamanda “ucuz manat”a reaksiya olaraq qeyri-neft iqtisadiyyatı üzrə xarici sektor balansında tarazlaşma meyilləri müşahidə edilməyə başlayıb, 2017-ci ilin ilk yarısında qeyri-neft sektoru üzrə cari hesab kəsiri 22,4% kiçilib”, - deyə o, qeyd edib.

Z.Nuriyev həmçinin bildirib ki, cari ildə ölkədən maliyyə axınları əhəmiyyətli dərəcədə azalıb, qeyri-neft sektoruna birbaşa xarici investisiya qoyuluşları artıb, maliyyə hərəkəti hesabında əvvəlki ildə müşahidə edilən kəsir profisitlə əvəz olunub: “Xarici sektorda müşahidə edilən pozitiv meyillər, eyni zamanda Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilən pul siyasətinin nəticəsi olaraq daxili valyuta bazarı stabilləşmiş və məzənnə stabilliyi təmin edilib. Məzənnə stabilliyinin təmin edilməsi iqtisadiyyatın monetizasiyasının yaxşılaşdırılmasına şərait yaradıb, il ərzində manatla pul bazası 10,3% artırılıb”.

Onun sözlərinə görə, keçən dövr ərzində bank sisteminin sağlamlaşdırılması və konsolidasiya tədbirləri çərçivəsində bankların sayı 45-dən 31-ə enib, bankların maliyyə balanslarında daralma müşahidə edilib: “Cari ilin ilk 9 ayı ərzində bank aktivlərinin həcmi 17% azalaraq 26,2 mlrd. manat, kredit portfeli 25% azalaraq 12 mlrd. manat, depozit portfeli isə 12% azalaraq 19,5 mlrd. manat təşkil edib, qeyri-işlək kreditlərdə artım müşahidə edilib və bu cür kreditlərin portfeldə payı, kapitalın həcmi artıb.

Neqativ meyillərə baxmayaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən görülən tədbirlər nəticəsində bankların kapitallaşması prosesi davam etmiş, il ərzində bank sektorunun kapitalı 24% artaraq 3 mlrd. manatı ötüb. İqtisadiyyatda müşahidə edilən bərpa prosesləri, qeyri-işlək kreditlər üzrə yığımların davam etməsi, eyni zamanda nağdsız ödənişlərin genişlənməsi bankların gəlir generasiyasına müsbət təsir edib, həmçinin Mərkəzi Bankın faiz siyasəti və dövlət qiymətli kağızları üzrə gəlirliliyin yüksək olması prosesi dəstəkləyib, nəticədə cari ilin 9 ayı ərzində sektor üzrə 480 mln. manat məbləğində xalis mənfəət əldə edilib”.

Z.Nuriyev qeyd edib ki, iqtisadiyyatın xarici balans üzrə mövqeyinin yaxşılaşması və daxili valyuta bazarında vəziyyətin stabilləşməsi həm kreditlər, həm depozitlər, həm də əmanətlər üzrə zəif dedollarizasiya meyilləri ilə müşaiyət olunmaqdadır: “Kreditlər üzrə dollarlaşma 5,3, depozitlər üzrə 0,7, əmanətlər üzrə isə 7,9 faiz bəndi azalıb. Hazırda kreditlər üzrə dollarlaşma 42%, depozitlər üzrə 74.6%, əmanətlər üzrə 71.8% təşkil edir. Bütövlükdə iqtisadiyyatda və ayrılıqda onun vacib tərkib hissəsi olan maliyyə-bank sektorunda cari ilin əvvəlindən etibarən müşahidə edilməyə başlayan müsbət meyillər 6 dekabr 2016-cı il tarixli Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmana əsasən “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və iqtisadiyyatın prioritet sahələri üzrə “Strateji Yol Xəritələri”nin icrasına başlanması ilə birbaşa bağlıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strateji islahat proqramının icrasının monitorinqi apararaq bu barədə mütəmadi qaydada ictimaiyyəti geniş şəkildə məlumatlandırır”.

“Hesab edirik ki, bütün sahələrdə xüsusi ilə Bank-maliyyə sektoru üzrə Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin tam həcmdə və vaxtında yerinə yetirilməsi çox mühüm əhəmiyyət daşıyır. Müxtəlif səbəblərdən bu tədbirlərin nəzərdə tutulmuş vaxtlarda və tam həcmdə icra edilməməsi bəzi problemlərin daha uzun müddətdə qalmasını şərtləndirəcəkdir. Prezident İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixində “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi” ilə bağlı bir sıra tədbirlər haqqında fərmanın tətbiqi ilə sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaq mümkün olacaq. Bu məqsədlə yaradılmış “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-nin qarşıdakı illərdə sahibkarların banklardan aldıqları kreditlərə təminat verməklə yanaşı, kreditlərə hesablanan faizlərin də bir hissəsinə subsidiya verilməsini təmin edəcək. Qəbul edilmiş bütün bu fundamental qərarlar və onların vaxtında və tam həcmdə icrası qarşıdakı dövrdə həm maliyyə-bank sisteminin, həm də sahibkarlığın inkişafına mühüm təkan verəcək. 2 may 2017-ci il tarixli “Daşınar əmlakın yüklülüyü haqqında” qanunun qəbul edilməsi həm sahibkarlara, həm də banklara qarşıdakı illərdə yeni girov və kreditləşmə mexanizmlərini işə salmağa imkan verəcək”, - deyə ABA sədri əlavə edib.

Onun sözlərinə görə, bu dövr ərzində ABA da gedən proseslərə aktiv şəkildə qoşulub, “Daşınar əmlakın yüklülüyü haqqında” qanunun, “Nağdsız hesablaşmalar haqqında” qanunun qəbulu və tətbiqi məsələləri, digər mühüm qanunların və normativ-hüquqi aktların hazırlanmasında və tətbiqi məsələlərinin müzakirəsində fəal iştirak edib, Assosiasiyanın nəzdində fəaliyyət göstərən Ekspert qrupları aidiyyatı qurumlarla sıx və səmərəli şəkildə işləyib: “Eyni zamanda müştərilərlə banklar arasında gərginliyin azaldılması və fikir ayrılıqlarının məhkəməyə getmədən ikitərəfli razılaşma əsasında həlli məqsədilə, beynəlxalq praktikaya uyğun olaraq, ABA-nın nəzdində Bank Ombudsmanı yaradılmış, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ötən ay ABA-nın təşəbbüsü və təşkilatçılığı, Mərkəzi-Şərqi Avropa və MDB ölkələrinin bank ombudsmanlarının iştirakı ilə Bakıda beynəlxalq tədbir keçirilib. Bununla yanaşı Assosiasiya tərəfindən hazırda bütün dünyada aktual olan maliyyə-bank sektorunda kibertəhlükəsizlik məsələlərinə həsr edilmiş beynəlxalq İT konfrans keçirilib, banklarda İT sahəsində çalışan yerli mütəxəssislərlə müxtəlif ölkələrdən gəlmiş ekspertlər arasında səmərəli fikir və təcrübə mübadiləsi aparılıb. Həmçinin ABA tərəfindən il ərzində müxtəlif mövzulara həsr edilmiş çoxsaylı görüş və dəyirmi masalar təşkil edilib”.

Son xəbərlər

Orphus sistemi