"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev və Assosiasiyanın icraçı direktoru Yunus Abdulov Türkiyə Banklar Birliyinin (TBB) İdarə Heyətinin sədri Alpaslan Çakarın dəvəti ilə qurumun 67-ci Ümumi Yığıncağında iştirak edib.
"Report" bu barədə ABA-ya istinadən xəbər verir.
Məlumata görə, tədbirə Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının üzvü qismidə dəvət almış ABA-nın rəhbərləri ilə yanaşı Özbəkistan Banklar Assosiasiyasının Baş Direktoru (CEO) Bəxtiyar Həmidov də qatılıb.
Ümumi Yığıncaq Türkiyənin Xəzinə və Maliyyə Naziri cənab Mehmet Şimşəkin iştirakı ilə keçirilib. İclasın açılış hissəsində A.Çakar, eləcə də TBB-nin Bank Tənzimləmə və Nəzarət Təşkilatının sədri Prof. Dr. Şahap Kavcıoğlu və nazir Mehmet Şimşək çıxış ediblər.
Üzv bankların iştirakı ilə keçirilən iclasda 2024-2025-ci illər üçün fəaliyyət hesabatı və büdcə müzakirə edilib. Sonda Birliyin İdarə Heyətinin və Auditorlar Şurasının üzvləri təsdiq olunub.




