ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib Azərbaycan Banklar Assosiasiyası (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə növbəti iclası keçirilib.
Maliyyə
27 aprel 2020 14:07
ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə növbəti iclası keçirilib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, iclasın gündəliyində duran əsas məsələ aprelin 23-də Azәrbaycan Mәrkәzi Bankının (AMB) İdarә Heyәtinin qəbul etdiyi, koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə 16 saylı qәrarın icra mexanizminin olub. Bu qərar Nazirlər Kabinetinin müvafiq sərəncamında nəzərdə tutulan tədbirlərlə sinxronlaşdırılmaqla bərabər, eyni zamanda daha geniş istiqamətləri, o cümlədən fiziki şəxslərə İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin, bankların və dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiyasını, eləcə də sığorta və kapital bazarı iştirakçılarının dəstəklənməsini əhatə edən məsələləri də nəzərdə tutur.

ABA üzvləri pandemiyanın yaratdığı mənfi tendensiyaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə rəhbərliyinin uzaqgörən və düşünülmüş siyasətinə əsaslanaraq genişmiqyaslı işlərə başlanıldığını, AMB, İqtisadiyyat Nazirliyi və digər əlaqədar qurumların iştirakı ilə müvafiq işçi qurupları yaradıldığını və ABA-nın da bu qruplarda təmsil olunduğunu xüsusi ilə vurğulayıblar.

ABA üzvləri bu kompleks və sistemli tədbirlərin davamı olaraq AMB-nin əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər planını rəhbər tutaraq, mövcud vəziyyəti təhlil etməklə sənəddə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı bəzi praktik məqamları müzakirə etmiş və meydana çıxan sualları cavablandırıblar.

İclasın sonunda, yaranmış vəziyyətə uyğun olaraq əhaliyə göstərilən bank-maliyyə xidmətlərinin bütün karantin dövründə olduğu kimi, bundan sonra da fasiləsizliyinin təmin olunması, iqtisadiyyatın kreditləşməsi, bank-maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması kimi tədbirlərin davam etdirilməsinin vacibliyi bir daha qeyd edilib.

Xatırladaq ki, ABA-nı 1990-cı ildə kommersiya bankları yaradıb. Məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 bank olmayan kredit təşkilatı ABA-nın üzvüdür.

Son xəbərlər

Orphus sistemi