Ziya Rəcəbov: "Bəxtimiz gətirdi ki, "Novara" ilə eyni vaxtda "Yuventus"un oyunu oldu" - MÜSAHİBƏ

Ziya Rəcəbov: "Bəxtimiz gətirdi ki, "Novara" ilə eyni vaxtda "Yuventus"un oyunu oldu" - MÜSAHİBƏ "Krasnodar"la oyunda "Azəryol" üçün mühafizə sistemi qurulacaq
Komanda
4 Mart , 2016 12:40
Ziya Rəcəbov: Bəxtimiz gətirdi ki, Novara ilə eyni vaxtda Yuventusun oyunu oldu - MÜSAHİBƏ

Bakı. 4 mart. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət "Azəryol" klubunun baş məşqçisi Ziya Rəcəbov Rusiyanın "Dinamo" (Krasnodar) komandası ilə CEV Kubokunun yarımfinal oyunları öncəsi müsahibə verib. Gənc mütəxəssis ilk olaraq İdman Araşdırmalar Mərkəzi ilə birgə təşkil etdikləri və "Report"un informasiya dəstəyi verdiyi jurnalistlərlə görüşdən danışıb... 

- Təəssüratlarım çox gözəldir. Təşkilati işlərdə müəyyən dəstəyimiz olsa da, voleybolun, "Azəryol"un təbliğatı üçün əlinizdən gələni edirsiniz. Jurnalistlərlə görüşə gəldikdə, oyunda seçilənlər vardı. Elə sənin özünü nümunə göstərərdim. Bu cür işə görə sizə "çox sağ ol" deyirəm.

- Martın 8-də Krasnodarda "Dinamo" ilə görüş olacaq. Artıq oyunu təhlil etmisiniz?

- Bir həftədir Krasnodar klubu ilə keçirəcəyimiz görüşü təhlil etməyə başlamışıq. Rəqibin 4 voleybolçusu Rusiya milli komandasının üzvüdür. Düzdür, daxili çempionatın son oyunda 10-cu yerdə gedən komandaya 1:3 hesabı ilə məğlub olublar. Amma həmin görüşdə müəyyən səbəblərdən - ya zədə, ya da bizimlə oyuna saxlamaq məqsədilə Tatiana Koşeleva oynamırdı. Səbəbini dəqiq bilmirəm. Amma hər bir oyunçu üçün ayrıca, detallarla işləyib, hazırlaşırıq.

- Əvvəlki mərhələdə ilk oyunu evdə keçirdiniz. Bu komanda üçün üstünlükdür, yoxsa ilk görüş elə səfərdə olsa yaxşıdır?

- Mənə elə gəlir ki, birinci səfər oyununun olması bizə sərf edir. Çünki İtaliyanın "Novara" klubunu burada 3:1 hesabı ilə məğlub etsək də, səfərdə güclü təzyiqlərə məruz qaldıq. Təəssüflər olsun ki, televiziya oyunu yayımlamadı. Onlar yayımın olmaması müqabilində hər hansı bir cərimənin ödənilməsinə də razı idilər. Səbəbini bilmirəm. Amma hakimlər də bizi çox sıxışdırırdı. Yarım saat oyuna gecikdirdilər, avtobus gec gəldi və bəzi avadanlıqlar vardı ki, bizə vermirdilər. Bütün bu təzyiqlərə baxmayaraq, qızlarımız orada döyüşkənlik nümayiş etdirdilər. Əslində hesab 1:1 olarkən, üçüncü seti də qazanmalı idik. Lakin bizim lehimizə olan 3-4 topu qarşı tərəfə verdilər. Xətt hakimləri lehimizə, baş hakim və ikinci hakim isə əleyhimizə qərar verdi. Həm də o cür güclü azarkeşlərin qarşısında oynamaq çox çətin idi. Bəxtimiz onda gətirdi ki, həmin vaxt İtaliyada "Yuventus"un oyunu vardı (Çempionlar Liqası, 1/8 final, "Bavariya" - 0:2) və bütün azarkeşlər ora yönəlmişdi. Amma 8 minlik zal yarıyadək dolmuşdu. Mənə elə gəlir ki, Rusiyada azərbaycanlılar bizə dəstək verəcəklər. Artıq diaspora ilə də danışmışıq. İtaliya klubu ilə müqayisədə bu dəfə səfər görüşü çətin olmayacaq. Sanki özümüzü evimizdəki kimi hiss edəcəyik. 

- Krasnodarda ermənipərəstlərin sayı da kifayət qədərdir. Hər hansı təxribatdan ehtiyat etmirsiniz?

- Diaspora ilə sıx əlaqəmiz var. Düz deyirsiniz. Mənə də bu barədə çatdırıblar. Krasnodarda ermənilərin sayı azərbaycanlılardan bir qədər çoxdur. Lakin bu, ona dəlalət etmir ki, ermənilər oyun zamanı təxribat törətməlidir. Üstəlik, danışmışıq, bizim üçün mühafizə sistemi də qurulacaq.

- Krasnodardan hansı nəticə ilə dönmək uğurlu sayılar?

- Heç olmasa, 2 set götürsək, 1 xalla qayıtsaq, uğurlu nəticə olar. Belə olan halda Bakıda mərhələ keçmək mümkün olacaq. Mümkünsüz komanda yoxdur.

- Cavab görüşü üçün qızıl set məsələsi də var...

- Səfərdən bir xalla dönsək, bizə asan olar. Bunun üçün imkanlarımız var. Çünki Rusiya voleybolunda həmişə top qəbulu problemi olur. Yenə deyirəm, bəlkə də sonuncu oyunda Koşelevanı bizə saxladıqları üçün oynatmadılar. Biz hər detalın üzərində işləyirik. Yüksək voleybol oynayırlar ki, bu da bizə sərfəlidir. Biz onlara qarşı sürətli voleybol oynayacağıq. Üstəlik "Dinamo"da müdafiə problemi var. Bizdə Asiya və Avropa voleybolu qarışıq olduğu üçün müdafiəmiz onlardan hardasa 15-20 faiz daha güclüdür.

- Sizi yalnız kiçik hesablı məğlubiyyət qane edər, yoxsa 0:3 və ya 1:3-ün revanşını da almaq mümkün olacaq?

- Əslində döyüşün fərqi yoxdur. Yenə deyirəm, səfərdən bir xalla dönmək bizə sərfəlidir. Çünki burada 3 xal götürüb "qızıl set"ə ehtiyac olmadan mərhələ keçə bilərik. 

Son xəbərlər

Orphus sistemi