Yuxarı

​Zaur Axundov: "İlkin məqsədimiz 1/8 final mərhələsinə yüksəlməkdir" - MÜSAHİBƏ

Heyətimiz 90 faiz hazırdır

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın rəsmi saytına müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir.

- Yeni baş məşqçi Milton Luiz Ziller Junior artıq Bakıdadır və onunla görüşünüz olub. Görüşdə nəyi müzakirə etdiniz?

- Bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla baş məşqçi arasında görüş oldu. Geniş müzakirə aparıldı və komandanın planları ilə bağlı tapşırıqlar verildi. Gələn həftənin ilk günündən etibarən məşqlərə başlayacağıq. İyulun 10-na qədər məşqlərimizi Bakı İdman Sarayında keçirəcəyik. İyulun 10-dan isə fiziki hazırlıq üzrə məşqlərimiz başlayacaq və ayın 22-dək davam edəcək.

- Biro Jadenin təyinatı ilə bağlı nə deyə bilərsiniz?

- Vaxtilə milli komandamızın formasını geyinmiş Biro Jade fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək. Biro bizim üçün yad sima deyil. O, uzun müddət yığmamızda və “Araz” klubunda çıxış edib. Yəni yığmamız və futzalımız haqda kifayət qədər məlumata sahibdir. Komandamızın oyun dəsti-xəttinə, futzalçılarımızın imkanına yaxından bələddir. Onun təyinatı həm də yeni baş məşqçinin özünü ölkəmizdə yad hiss etməməsinə hesablanıb. Çünki Milton ilk dəfə Bakıda olur.

- Müqavilə hansı müddəti əhatə edir?

- Hər iki mütəxəssislə anlaşmanın müddəti 1 illikdir.

- Baş məşqçinin qarşısına konkret hansı tapşırıq qoyulub?

- Təbii ki, millinin qarşısına konkret vəzifə qoyulub. Komanda dünya çempionatının final mərhələsinə ilk dəfə yüksəlsə də, oraya iştirak xatirinə yollanmayacağıq. Çətin qrupda yer alsaq da, ilkin məqsədimiz 1/8 final mərhələsinə yüksəlməkdir. Baş məşqçi ilə bu haqda söhbətimiz olub. Onun vəzifəyə yeni təyinatı, heyətdə çoxsaylı dəyişikliklərin edilməsi, hazırlıq üçün vaxtımızın az olması heç nəyi dəyişməyəcək.

- Yoxlama oyunları necə keçiriləcəkmi?

- Bu, bizim üçün çox vacibdir. Artıq bir neçə ölkənin federasiyası ilə danışıqlar aparılır. Danışıqların nəticəsindən asılı olaraq komandamız avqustda Özbəkistanda, Qazaxıstanda və ya Belarusda həm təlim-məşq toplanışı, həm də yoxlama oyunları keçirə bilər. Sonra isə komanda Bakıya dönəcək və sentyabrın 6-na qədər hazırlıq prosesini paytaxtımızda davam etdirəcək. Ertəsi gün isə yığma Kolumbiyaya yola düşəcək.

- Heyətdə nə kimi dəyişikliklər olacaq?

- Heyətimiz 90 faiz hazırdır. Bəli, dəyişikliklər oldu, amma hələ tam komplektləşmə prosesi başa çatmayıb. Buna görə də geniş danışmaq istəmirəm. Fiziki hazırlıq üzrə məşqlər başlayana qədər bu işi də yekunlaşdıracağıq.

- Baş məşqçi həm də “Araz” klubunu çalışdıracaq?

- Bəli, Milton milli komanda ilə yanaşı, “Araz” klubunun da baş məşqçisidir. Bildiyiniz kimi, ölkə çempionu “Araz” oktyabr ayında UEFA kubokunda mübarizə aparacaq. Klubun əsasını millinin üzvləri təşkil edir. Peşəkar mütəxəssisi dəvət etməkdə məqsədimiz həm millinin, həm də “Araz”ın uğur qazanmasına nail olmaqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi