Yuxarı

​Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" turnirinin açılış mərasimi keçirilib

Qasım Həşimov: Bu, Vüqar Həşimovun dünya şahmat tarixində iz buraxdığını göstərir

Şəmkir. 25 may. REPORT.AZ/ Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" turnirinin açılış mərasimi keçirilib. "Report"un məlumatına görə, Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə rayonun icra başçısı Alimpaşa Məmmədov şahmat bayramı münasibətilə hamını təbrik edib.

O, belə beynəlxalq turnirin ənənə halını almasına sevindiyini və gələcəkdə də bu yarışı təşkil etməkdən məmnunluq duyacaqlarını vurğulayıb.

Gənclər və idman naziri Azad Rəhimov V.Həşimovun ömrünü öz vətəninin əsgəri kimi Azərbaycanın idman şərəfini qorumağa sərf etdiyini bildirib. O, mərhum qrossmeysterin 27 yaşınadək dünyada əsrlər boyu unudulmayacaq iz qoyub getdiyini vurğulayıb. Nazir mərhum şahmatçının özünəməxsus oyunu ilə böyük hörmət qazandığını və bunun nəticəsində müxtəlif ölkələrdən tanınmış şahmatçıların xatirə turnirinə təşrif buyurduqlarını söyləyib.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov 178 ölkəni birləşdirən qurum adından turnir təşkilatçılarına minnətdarlıq edib. O, xatirə turnirinin FİDE təqvimində önəmli yer tutduğunu söyləyib. İlümjinov mərhum şahmatçının yüksək keyfiyyətlərindən söz açaraq, onun xatirəsinin uzun müddət yaşayacağını bildirib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov V.Həşimovu Azərbaycanı hədsiz dərəcədə sevən, daim qələbə uğrunda mübarizə aparan şahmatçı kimi dəyərləndirib. O, mərhum şahmatçının bir sıra üstün keyfiyyətləri ilə Azərbaycan idmançılarına nümunə olduğunu dilə gətirib. "Shamkir Chess"də dünyanın məşhur şahmatçılarının mübarizə apardığını deyən vitse-prezident üçüncü ildir belə turniri təşkil etdikləri üçün Şəmkir rəhbərliyinə minnətdarlığını bildirib.

Vüqar Həşimovun ailə üzvləri adından çıxış edən atası Qasım Həşimov belə bir turnirdə iştirak edənlərə təşəkkür edib: "Ötən il demişdim ki, bir dəfə də keçirilsə, bu turnir ənənə halını alacaq. Artıq deyə bilərəm ki, ənənəvi turnirə çevrildi. Bu, Vüqar Həşimovun dünya şahmat tarixində iz buraxdığını göstərir. Daim mənə insanlar böyük hörmətlə yanaşırlar. Bu da məni qürurlandırır. Bilirəm ki, bu turnir ölkə rəhbərliyinin də böyük diqqətindədir".

Turnirin baş sponsoru "Synergy Group"un icraçı direktoru Qüdrət Seyfullayev turniri açıq elan edib.

Qeyd edək ki, "Shamkir Chess" ardıcıl üçüncü ildir keçirilir. Budəfəki yarışa Fabiano Karuana (ABŞ, 2804), Aniş Giri (Hollandiya, 2790), Sergey Karyakin (Rusiya, 2779), Pavel Elyanov (Ukrayna, 2765), Harikrişna Pentala (Hindistan, 2763), Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748), qadınlar arasında dünya çempionu Hou Yifan (Çin, 2663) və Azərbaycanın digər şahmatçıları Teymur Rəcəbov (2726), Eltac Səfərli (2664) və Rauf Məmmədov (2655) qatılıb. Qalib 9 turluq mübarizə yekununda müəyyənləşəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi