Valeriya Məmmədova: "Avropa çempionatında növbəti mərhələyə lider kimi çıxmalıyıq" - MÜSAHİBƏ

Valeriya Məmmədova: "Avropa çempionatında növbəti mərhələyə lider kimi çıxmalıyıq" - MÜSAHİBƏ "Məncə, çox yaxşı qrupa düşmüşük"
Komanda
14 Sentyabr , 2017 22:49
Valeriya Məmmədova: Avropa çempionatında növbəti mərhələyə lider kimi çıxmalıyıq - MÜSAHİBƏ

Bakı. 14 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının liberosu Valeriya Məmmədova sentyabrın 22-də start götürəcək Avropa çempionatı ərəfəsində "Report"a müsahibə verib.

Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

Sloveniya və İtaliyada təlim-məşq toplanışları keçirdiniz. Hazırlıq prosesini necə dəyərləndirərdiniz?

- Təlim-məşq toplanışı müddətində 6-7 oyuna çıxdıq. Əvvəlcə uduzurduq. Çünki həmin dövrə fiziki çalışmalar təsadüf edirdi. Komanda isə yenicə yığışmışdı. Lakin İtaliyada komandamız böyük oyun təcrübəsi toplamağa başladı. Buna görə də hazırda kifayət qədər forma yığmışıq. İtaliya, Xorvatiya və Belarus yığmaları tezliklə Bakıya gələcəklər. Burada oyunlar keçiriləcək. Fikrimcə, Avropa çempionatında biz ən yüksək formada olacaq və maksimum nəticə üçün oynayacağıq.

Avropa çempionatı ərəfəsində keçiriləcək bu oyunlar komandada yorğunluq yaratmayacaq?

- Xeyr, belə düşünmürəm. Əksinə, bizə hazırlıq üçün oyunlar keçirmək lazımdır. Çünki məşq ayrı, oyun isə tam ayrıdır. Oyunlar keçirməklə özünü təkcə peşəkar deyil, fiziki və mənəvi cəhətdən hazırlayırsan. Yarış vaxtı isə meydanda ağılla hərəkət edirsən. Amma məşqlərdə bunlar görünmür.

Qrupunuzda nisbətən zəif Macarıstanla yanaşı, Almaniya və Polşa kimi güclü rəqiblər var. Bu barədə nə deyə bilərsiniz?

- Məncə, çox yaxşı qrupa düşmüşük. Biz rəqiblərimizə qalib gələrək, qrup birincisi olmalıyıq. Hazırda buna qadirik. Növbəti mərhələyə lider kimi çıxmalıyıq.

Rəqiblərin oyunlarına baxıb analizlər aparmısınız?

- Xeyr, hələlik heç bir analiz aparılmayıb. Amma tədricən Qran-Pri və digər turnirlərdə rəqiblərlə tanış oluruq. Bütün oyunçuları praktiki olaraq, tanıyırıq. Buna görə də hələlik bu istiqamətdə hazırlıq getməyib. Hazırda öz səhvlərimizi analiz edirik. Çempionat ərəfəsində qrupdakı rəqiblərimizlə tanış olacağıq.

Hazırlıq müddətində İtaliya və Xorvatiya yığmalarına qalib gəldiniz. Buna əsasən, komandanızın formada olduğunu demək olar?

- Xeyr. Hələlik formamızın pik həddində olduğumuzu deməzdim. Xorvatiya və İtaliya da hələlik forma yığır. Optimal formaya düşmək üçün çalışırıq.

Avropa çempionatında Azərbaycan millisindən medal gözləmək olar?

- Buna inanıram. Gözləyə bilərik (gülür).

Son xəbərlər

Orphus sistemi