Bakı. 25 dekabr. REPORT.AZ/ Bodibildinq üzrə türkiyəli idmançı Ali Emre Azərbaycanın adından İspaniyada keçirilən dünya çempionatına qatılaraq, gümüş medal qazanıb. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 44 yaşlı idmançının Azərbaycanı təmsil etməsinə Türkiyə Bodibildinq Federasiyasının idmançılarına beynəlxalq turnirlərdə iştirak qadağası səbəb olub.
63 idmançısı dopinq testindən uğurla keçmədiyindən, federasiya bu cür addım ataraq, özünü cəzalandırıb. A.Emrenin Azərbaycan adından iştirakına razılığın verilməsi Türkiyədə təəccüblə qarşılanıb. İdmançının qazandığı gümüş medal Azərbaycanın aktivinə yazılıb. Vətəndaşlığını dəyişdirmək istəməyən digər idmançılar məsələ ilə bağlı yerli prokurorluğa müraciət edib. Müraciətdə dopinqdən istifadə etməyən idmançıların beynəlxalq turnirlərdən kənarda qalmasına etiraz bildirilib. Türkiyə yığmasına hazırlaşan bursalı Cihan Polat haqlarının yeyildiyini və haqqının bərpası üçün sonadək mübarizə aparacağını deyib.
Qeyd edək ki, İspaniyada keçirilən dünya çempionatının qızıl medalçısı İranı təmsil edən Muhammed Ranipur olub.