Yuxarı
    Bağlamaq

    "Tour d'Azerbaidjan 2017" beynəlxalq velosiped turunun iştirakçıları diabeti olan uşaqlarla görüşüblər

    Görüşdə velosipedçilər uşaqlarla təcrübələrini, sağlam həyat tərzi haqqında fikirlərini bölüşüblər

    Bakı. 8 may. REPORT.AZ/ "Tour d'Azerbaidjan 2017" beynəlxalq velosiped turunun iştirakçılarından olan “Team Novo Nordisk” komandasının azərbaycanlı diabeti olan uşaqlarla görüşü keçirilib.

    "Report" xəbər verir ki, yarışların final günü baş tutan görüşdə velosipedçilər uşaqlarla təcrübələrini, sağlam həyat tərzi haqqında fikirlərini bölüşüblər.

    Diabeti olan velosipedçilərdən təşkil olunmuş bu komandanın üzvlərindən biri, Fransadan olan Quentin Valoqnes (Quentin Valognes) 6 yaşından bəri diabetlə yaşayır. Velosiped sürməyə də uşaq yaşlarından başlayıb. O deyib ki, “Ətrafımdakı insanlar hər zaman ehtiyatla davranmağımı istəsələr də, mən onları inandırmağa çalışdım ki, bacara bilərəm. Bizim də iki əlimiz, iki ayağımız var – diabet xəyalları gerçəkləşdirməyə maneə deyil.”

    Komandanın digər üzvü İrlandiyadan olan Stepen Klansi (Stephen Clancy), 19 yaşında diabet olduğunu öyrənib. İlk vaxtlarda həkimi ona velisoped sürməyi məsləhət görməsə də, araşdırdıqca belə olmadığı qənaətinə gəlib. O deyir ki, “Sonradan “Team Novo Nordisk” komandası haqqında öyrəndim və düşündüm ki, onlar edə bilirlərsə, deməli, mən də bacararam. Onlar məni ruhlandırdılar, biz də Azərbaycan, eləcə də dünyadakı başqa diabetliləri həvəsləndirməliyik.” İdmançının sözlərinə görə, diabeti idarə etməyin ən yaxşı yolu pəhrizi, qanda şəkərin səviyyəsini nəzarətdə saxlamaq və ən yaxşı insulindən istifadə etməkdir.

    Övladı ilə birlikdə görüşə gələn Günay Məmmədovanın oğlu Raul Məmmədov 3 ildir diabetdir. O bildirib ki, biz diabeti xəstəlik olaraq görmürük: "Bu xəstəlik deyil, sağlam yaşamaq, sağlam qidalanmaqdır. Şəkərli yeyən insanlar hansısa başqa xəstəliklərə tutula bilir, amma mən tutmayacağam, çünki şəkəri az miqdarda istifadə edirəm, qidalanmağıma çox fikir verirəm, ona görə də yaxşı və sağlam böyüyəcəyəm.”

    Günay xanım bildirib ki, həkiminin doğru yönləndirməsi də Raulun daha çox məlumatlanmasına və qüvvətli olmasına kömək göstərib. Bu cür tədbirlərin olması da müsbətdir, çünki uşaqlar belə idmançılarla görüşüb danışsınlar ki, fikirlərinə yaxşı mənada təsir göstərsin.

    Qeyd edək ki, Beynəlxalq Diabet Federasiyasının statistikasına əsasən, hazırda dünyada 415 milyon insan diabetlə yaşayır. Beynəlxalq məlumatlara görə, Azərbaycanda 1 milyon insan diabetdir. Onlardan təqribən 220 min insana diaqnoz qoyulub. Digərləri isə diabet olduğundan xəbərsizdir.

    “Diabeti dəyişək” proqramı çərçivəsində "Novo Nordisk" şirkəti bütün dünyada diabetlə yaşayan milyonlarla insana və gələcəkdə bu xəstəliyə tutulmaq riski olanlara öz dəstəyini göstərir. Bununla da, şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına töhfəsini verir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi