​Tələbələr arasında futzal üzrə ölkə birinciliyinə yekun vurulub

​Tələbələr arasında futzal üzrə ölkə birinciliyinə yekun vurulub Bədən Tərbiyəsi və İdman Akademiyası birinci yeri tutub
Komanda
7 İyun , 2016 14:53
​Tələbələr arasında futzal üzrə ölkə birinciliyinə yekun vurulub

Bakı. 7 iyun. REPORT.AZ/ Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ilk dəfə keçirilən futzal üzrə ölkə birinciliyinə yekun vurulub. 

"Report" xəbər verir ki, tədbir Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyasının dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə Bakı İdman Sarayında baş tutub. 

Məlumata görə, final oyununda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası ilə Bakı Dövlət Universitetinin (BDU) komandası qarşılaşıb. Rəqibini 9:2 hesabı ilə məğlub edən ADBTİA-nın komandası ölkə birinciliyinin qalibi olub.

Üçüncülük uğrunda isə Azərbaycan Kooperasiya Universitetinin (AKU) komandası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası mübarizə aparıblar. Oyunun əsas vaxtı 6:6 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən UNEC-in komandası 3:2, ümumi hesabda isə 9:8 hesabı ilə qalib gəlib.

Sonda mükafatlandırma mərasimi olub. Malik Rəhimov (ADBTİA) turnirin ən yaxşı qapıçısı, Orxan Qəhrəmanov (AKU) ən yaxşı müdafiəçisi, Əhməd Tağıyev (ANSU) ən yaxşı yarımmüdafiəçisi, Mirağa Balacayev (UNEC) ən yaxşı oyunçusu, Cavid Rəhimov (BDU) isə ən yaxşı məşqçisi seçilib. Nuralı Əsədov (BDU) isə birinciliyin bombardiri olub.

Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbolu Federasiyasının prezidenti Firudin Qurbanov və futbol veteranları təqdim ediblər.

Əsasnaməyə uyğun olaraq, ilk 4 yeri tutmuş komandalara kubok, medal, diplomlar və AFFA tərəfindən pul mükafatı verilib.

Qeyd edək ki, aprelin 19-da start göturən ölkə birinciliyində 40 komanda və 800-dək tələbə iştirak edib. 

Son xəbərlər

Orphus sistemi