​"Synergy Baku"nun daha bir üzvü "Tour d’Azerbaidjan-2016"nın qalibi olub

​"Synergy Baku"nun daha bir üzvü "Tour d’Azerbaidjan-2016"nın qalibi olub Matey Müqerli marşrutu 4 saat 18 dəqiqə 44 saniyəyə başa vurub
Komanda
6 May , 2016 16:15
​Synergy Bakunun daha bir üzvü Tour d’Azerbaidjan-2016nın qalibi olub

Bakı. 6 may. REPORT.AZ/ Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016" veloyürüşünün 3-cü mərhələsi də Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu alınıb. "Report"un məlumatına görə, bu dəfə komandanın digər üzvü Matey Müqerli finiş xəttini hamıdan birinci keçib.

Marşrutu 4 saat 18 dəqiqə 44 saniyəyə başa vuran Müqerli bununla da finişi onunla eyni vaxtda keçən 13 nəfərlik qrupda bütün iştirakçıları qabaqlayıb. 2-ci yerə dünən olduğu kimi, yenidən Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun üzvü, ötən mövsümü "Synergy Baku"nun heyətində keçirən Markus Eybeger layiq görülüb. İlk 3-lüyü Birləşmiş Ərəb Əmirliklərinin "NASR-Dubai" komandasının üzvü Luka Vakerman tamamlayıb.

"Synergy Baku"nun digər üzvlərindən Maksim Averin 12-ci, Matiya Kvasina 20-ci, Kiril Pozdnyakov 22-ci, Yannis Tamuridis isə 30-cu olub. Bu nəticə "Synergy Baku"ya komanda hesabında 1-ci yeri qorumağa imkan verib. Ümumi təsnifatda isə Maksim Averin 4-cü, Matey Müqerli 7-ci, Matiya Kvasina 12-ci, Kiril Pozdnyakov isə 13-cüdür.

3 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun üzvü Daniel Şorn ələ keçirib. O, həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli SOCAR köynəyinə də yiyələnib. İtaliyanın "Unieuro Wilier" komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli AZAL köynəyini, Rusiyanın prokontinental "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "AtaHolding" köynəyini özündə saxlayıb.

Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim ediblər.

Qələbəsindən danışan M.Müqerli sona az qalmış rəqiblərin hücuma keçdiyini, bu səbəbdən sürəti artırmalı olduğunu deyib: "Belə bir yarışda uğur qazanmaq həm özüm, həm də komandamız üçün olduqca vacibdir. Ötən il komanda hesabında çempion olduq, dağ köynəyini götürdük, amma mərhələ qalibiyyətimiz olmadı. Bu dəfə isə artıq 2 dəfə mərhələ qalibi olmuşuq".

Kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan sabahkı yarış günündə iştirakçılar saat 10:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürəcəklər və 115,3 km məsafə qət etdikdən sonra Pirquluda yerləşən Vergilər Nazirliyi Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

Son xəbərlər

Orphus sistemi