Yuxarı

​Sərbəst güləşçilərimiz U-23 Avropa çempionatını 3-cü pillədə başa vurub

Komandamız 2 gümüş və 2 bürünc medal qazanıb

Bakı. 26 mart. REPORT.AZ/ Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ilk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq. çəki dərəcələrində sərbəst güləşçilər yarışıb.

61 kq. çəki dərəcəsində mübarizə aparan güləşçimiz Əhmədnəbi Qvarzatilov ilk görüşdə Serbiya təmsilçisini məğlub etsə də, növbəti görüşdə uduzub. Ancaq rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Belarus təmsilçisi ilə görüşdən qalib ayrılan güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Türkiyə idmançısı ilə gərgin keçən qarşılaşma rəqibin xeyrinə tamamlanıb. Əhmədnəbi Qvarzatilov çempionatı 5-ci sırada tamamlayıb.

86 kq. çəkidə təmsilçimiz Məhəmmədhacı Xatiyev ardıcıl olaraq Türkiyə, Macarıstan, Yunanıstan və yarımfinalda Rusiya güləşçiləri üzərində inamlı qələbələr qazanıb. Qızıl medal uğrunda final görüşündə güləşçimizin rəqibi Belarus təmsilçisi olub. Gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb, təmsilçimiz gümüş medalla kifayətlənib.

125 kq-da mübarizə aparan Əli Maqomedabirov 1/4 finaldan yarışa qoşulub. İlk görüşdə məğlub olsa da, rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal uğrunda görüşə haqq qazandırıb. Həlledici görüşdə təmsilçimiz Ukrayna idmançısına qalib gəlib və çempionatın bürünc medalına sahib olub.

Beləliklə, U-23 Avropa çempionatında sərbəst güləş yarışları yekunlaşıb. Sərbəst güləş yığmamız çempionatı 2 gümüş (Məhəmmədhacı Xatiyev (86 kq) və Nurməhəmməd Hacıyev (97 kq)) və 2 bürünc (Məhəmməd Müslümov (65 kq) və Əli Maqomedabirov (125 kq)) medalla tamamlayıb. Bu nəticə ilə sərbəst güləşçilərimiz U-23 Avropa çempionatını komanda hesabında 48 xal toplayaraq 3-cü pillədə başa vurub. Rusiya 61 xalla birinci, Gürcüstan 57 xalla ikinci sırada qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi