Yuxarı
    Bağlamaq

    Tale Heydərov: "Bu gün "Qəbələ" ilə bacarmadılar" - MÜSAHİBƏ

    Mənim üçün və eləcə də hamı üçün çox həyəcanlı gün idi

    Bakı. 4 avqust. REPORT.AZ/ "Qəbələ" klubunun prezidenti Tale Heydərov Avropa Liqasının III təsnifat mərhələsində Fransanın "Lill" komandası üzərində 1:0 hesablı qələbə qazanaraq, "pley-off"a yüksəldikləri cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" xəbər verir ki, T. Heydərov əvvəlcə qələbə təəssüratlarını bölüşüb...

    - Oyun çox gözəl keçdi. Aydın məsələdir ki, "Lill" kimi komandanı üstələmək çox çətin idi. Mənim üçün və eləcə də hamı üçün çox həyəcanlı gün idi.

    - Hər iki oyunda komandadan belə mübarizə gözləyirdiniz?

    - Səfərdəki 1:1 hesablı nəticə çox əlverişli idi. Lakin "Lill" də qələbəyə köklənmişdi. Mərhələni keçmək üçün əllərindən gələni etməli idilər. Ən güclü oyunçularını heyətə daxil etmişdilər. Amma bu gün "Qəbələ" ilə bacarmadılar.

    - Növbəti mərhələdə yeni transferlər gözlənilir?

    - Bir hücumçu axtarışındayıq. Ümid edirəm ki, bu yaxınlarda tapacağıq.

    - "Lill" kimi güclü komandanı keçmisinizsə, artıq bütün rəqiblərə qarşı oynaya biləcəyinizi demək olar...

    - Xeyr, bunu qətiyyən demək olmaz. Çünki "Pley-off"a bundan asan olmayacaq. Ona görə də komandamız istirahətdən sonra növbəti qələbələrə, oyunlara köklənməlidir.

    - Fransadan azarkeşlərə çağırış etmişdiniz. Bugünkü dəstəkdən razı qaldınız?

    - Fürsətdən istifadə edərək, ilk növbədə jurnalistlərə təşəkkür edirəm ki, həqiqətən böyük iş gördülər, azarkeşləri stadiona dəvət etdilər. Real şəkildə birlik göstərdilər. Həqiqətən də bu gün 12-ci oyunçu bizim azarkeşlər idi. Onlara da "çox sağ olun" deyirəm.

    - Bu mövsüm "Qəbələ"nin "Qarabağ"ın hegemonluğuna son qoyacağını düşünürsünüz?

    - Fikrimcə, builki heyətimiz ötənilkindən güclüdür. Ən azı, daha yaxşı nəticə gözləməyə borcludurlar. "Qarabağ" çox güclü rəqibdir. Çətin olacaq. Amma əlimizdən gələni edəcəyik ki, çempion olaq.

    - Nəzərə almaq lazımdır ki, çempionatda legioner limiti olacaq...

    - Bəli, bu, bizim çox böyük problemdir. Azərbaycan futbolunda yerli futbolçuların kifayət qədər olmaması çatışmazlıqdır. Çalışacağıq ki, öz yerli oyunçularımıza güvənək.

    - Qələbəni Cavid Hüseynova həsr edəcəyinizi demişdiniz. Bugünkü nəticədə həmin açıqlamanın nə dərəcədə rolu oldu?

    - Əlbəttə, bunu ilk oyunda da qeyd etmişdik. Bayaq futbolçularla görüşəndə onlara da minnətdarlığımı bildirdim. Bu gün futbolçular özləri üçün nə qədər oynayırdılarsa, bir o qədər də Cavid üçün oynayırdılar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi