Mehmet Akif Üstündağ: "Azərbaycan voleybolunun inkişafı üçün hər cür dəstəyə hazırıq"

Mehmet Akif Üstündağ: "Azərbaycan voleybolunun inkişafı üçün hər cür dəstəyə hazırıq" Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağın "Report"un Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarına ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi
Komanda
15 Avqust , 2022 16:41
Mehmet Akif Üstündağ: Azərbaycan voleybolunun inkişafı üçün hər cür dəstəyə hazırıq

Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağın "Report"un Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarına ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi

- Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Konyaya İslamiadanın son qalibi kimi gəlmişdi. Burada isə 3-cü yeri tutdular. Bilirik ki, voleybol Türkiyədə xeyli inkişaf edib. Yaxşı çempionat, avrokuboklarda uğurlar var. Bu nailiyyətin sirri nədədir?

- Türkiyə voleybolunda aşağı yaş qruplarına böyük önəm verilir. Qadınlar və kişilərdən ibarət yığmalarımız Avropada böyük uğurlar qazanır. Federasiyalar gözəl işlər görür. Biz təşkilatçılığı yaxşı bacaran ölkəyik. Üstəlik, aşağı yaş qruplarında önəm verdiyimiz "Fabrik voleybol" adlı layihəmiz var. Burada 6-12 yaş arası uşaqları voleybolla birləşdiririk. İkincisi, Türkiyədə voleybol məktəbləri fəaliyyət göstərir ki, burada uşaqlar daha erkən yaşlarından bu idman növü ilə məşğul olmağa başlayırlar. Uşaq voleybolunun güclü olması yuxarı yaş qruplarında seçim imkanlarını genişləndirir. Buna görə də bizdə daim yaxşı voleybolçular yetişir. Türkiyə dünyanın ən yaxşı voleybol çempionatına sahibdir. Liqaların səviyyəsi yüksəkdir, burada dünya və Avropanın ən yaxşı voleybolçuları çıxış edir. Klublarla əlaqələrimizin yaxşı olması uğurlarımızın əsas səbəblərindən biridir.

- Bu uğurlarda hazırda Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti olan Faiq Qarayevin nə dərəcədə rolu olub?

- Qarayev uzun illər Türkiyədə həm klublarda, həm də yığmalarda fəaliyyət göstərib. Öz ölkəsində də çox zəhməti oldu. Azərbaycan voleybolu deyəndə Faiq Qarayev yada düşür. Türkiyədə yaxşı tanınan, hörmət edilən qardaşımızdır. Azərbaycan voleybolunda gözəl işlər gördüyünü eşidirik. Ümid edirəm ki, Azərbaycan həm aşağı yaş qruplarını, həm də əsas komandasını inkişaf etdirəcək. Qadın voleybolçularınız bürünc medal qazandı, kişilərdən ibarət yığma isə 3-cü yer uğrunda matçda Türkiyə ilə qarşılaşdı və 4-cü oldu. Avrokuboklarda final mərhələsinə yüksəlmək üçün mübarizə aparırsınız. Faiq Qarayev və onun kimi insanların töhfəsi ilə Azərbaycan voleybolunun yaxşı yerlərə gəlməsini arzulayırıq.

- Bəs, Faiq Qarayev Türkiyə voleybolunda hansı işləri görüb? Yəqin ki, siz həmin vaxt başqa vəzifədə olsanız da, onun fəaliyyətini izləyirdiniz...

- Bəli, həmin vaxt mən məşqçilik edirdim və Qarayevin fəaliyyətini izləyirdim. O, çalışdığı klublarda çox gözəl işlər gördü və uğur qazandı. Səhv etmirəmsə, "Vakıfbank" və "Eczacıbaşı" klublarında, milli komandada işlədi. O vaxtkı federeasiya rəhbərliyi Qarayevi qəbul etdi, sevdi. Yəni, Türkiyə voleyboluna xeyiri dəydi.

- Həmin vaxt, yəni 90-cı illərdə Türkiyə voleybolu inkişafın ilkin mərhələsində idi...

- Bəli, Faiq Qarayev həmin dövrlərdə Türkiyədə işləyib. 2017-ci ildə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatında Türkiyə ilə bürünc medal uğrunda oyun keçirmişdi. Həmin vaxt biz 3-cü yeri tutmuşduq. Bu, elə də zəif göstərici deyil. İnanıram ki, Azərbaycan voleybolu qısa zamanda yenidən əvvəlki günlərinə qayıdacaq.

- Hazırda Azərbaycan millisinin bəzi üzvləri Türkiyə klublarında çıxış edir. Sizdə legioner limiti varmı? Yaxud da gələcəkdə olsa, bu, Azərbaycan təmsilçilərinə də şamil olunacaqmı?

- Bununla bağlı qaydalar var. Həmin qaydalar nəyi tələb edirsə, o cür də olur. Hər bir ölkə bu qaydaları tətbiq edir. Azərbaycan voleybolunun inkişafı üçün hər cür dəstəyə, işbirliyinə hazırıq. Bununla bağlı heç bir problem yoxdur.

- Hazırda Türkiyədə legioner limiti necədir?

- Yerli çempionatda öz klublarımız çıxış edir. Onsuz də tələb böyükdür. Başqa ölkənin komandasının bizim çempionatda mübarizə aparmasının mümkünlüyünü nəzərdə tutursunuzsa, belə şey yoxdur. İkinci liqamızda da səviyyəli komandalar var. Yuxarı liqalara yüksəlmək istəyən klublar çoxdur. Çempionatlar öz komandalarımızın iştirakı ilə keçirilməlidir. Çünki avrokubok təqvimi çox sıxdır. Məsələn, Aralıq Dənizi Oyunları təşkil olundu, hazırda V İslam Həmrəyliyi Oyunları keçirilir. İndiki halda komanda sayını artırmaq imkanımız yoxdur.

- Əslində mən əcnəbi oyunçu limiti ilə bağlı sual verdim. Yəni, bizim voleybolçular Türkiyədə legioner sayılmaya bilər?

- Xeyr, bu, mümkün deyil.

- Gələcəkdə bu məsələyə baxıla bilər?

- Dediyim kimi, reqlamentə əsasən, onlar burada legioner statusu ilə çıxış etməlidir.

- Bildiyimə görə, İslamiadada əsas yığmalarınız mübarizə aparmadı...

- Bəli, həm qadınlar, həm də kişilər ikinci komanda ilə çıxış etdilər. Çünki qadınlardan ibarət əsas yığma Millətlər Liqası başa çatdıqdan sonra Avropa və dünya çempionatına hazırlaşır. Onsuz da liqamız çox ağır və gərgin keçir. Bu səbəbdən əsas millilərimizin İslamiadada iştirakı çox çətin idi.

- Hazırda Azərbaycan voleybolunda maliyyə problemləri var. Vəziyyət əvvəlki səviyyədə deyil. Bu isə rəqabəti azaldır. Türkiyə dünya voleybolunda maliyyə baxımından hansı səviyyədədir?

- Çox yüksək səviyyədəyik. Liqalar baxımından da dünya və Avropada ilk sıralardayıq. Son dünya və Avropa çempionu "Vakıfbank" klubudur. Milli komandamız da dünya reytinqinin ilk "5-liy"indədir. Son 3 Avropa çempionatında 2 bürünc və 1 gümüş medal qazanmışıq. Yəni, Avropada ilk "3-lük"dəyik.

- Bəs, çempion olmaq üçün nə lazımdır?

- Çox çalışmaq. Hər gün özümüzü inkişaf etdiririk. Hədəflərimiz dünya və Avropa çempionatlarında daim medallar qazanmaqdır.

- Türkiyədə sponsorlar daha çox banklardır, yoxsa özəl sektorlar?

- Hər ikisi var. Təbii ki, dövlətdən də ciddi maliyyə dəstəyi alırıq.

- Bilirsiniz ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçirildi. Həmin İslamiada ilə Türkiyədə təşkil olunan yarışı necə müqayisə edərdiniz?

- Azərbaycandakı İslamiadaya özüm qatıla bilmədim. Əvəzində vitse-prezidentimiz, federasiya rəsmilərimiz orada idi. Hər iki yarış yaxşı təşkil olunub. Biz burada da idmanın dostluq və həmrəylik rəmzi olduğunu bütün dünyaya göstəririk. Bu hissləri Türkiyədə də yaşadığımız üçün sevinirik.

Son xəbərlər

Orphus sistemi